01_heydar-aliyev-fondu-kolumbiya-safar.gif
3 may 2013

Heydər Əliyev Fondu ilə Kolumbiyanın Uşaqlara qarşı zorakılıqların qarşısının alınması üzrə Şəbəkə Fondu arasında əməkdaşlıq sazişi imzalanıb

Heydər Əliyev Fondunun nümayəndə heyəti Kolumbiyada işgüzar səfərdə olub.


Səfər çərçivəsində nümayəndə heyəti Kolumbiyanın Uşaqlara qarşı zorakılıqların qarşısının alınması üzrə Şəbəkə Fondunun prezidenti, Kolumbiya Senatının üzvü Alexandra Moreno Pirakive ilə görüşüb.


Görüşdə əməkdaşlıq perspektivləri müzakirə olunub. Azərbaycanın nümayəndə heyəti Kolumbiya tərəfinə Heydər Əliyev Fondunun məqsəd və fəaliyyəti, həyata keçirilən xeyriyyə tədbirləri haqda ətraflı məlumat verib.


Bundan əlavə, görüşdə Kolumbiya Senatında 2012-ci ilin martında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyən və Xocalı soyqırımını tanıyan qətnamənin qəbul edilməsi ilə əlaqədar bu sənədin müəllifi senator A.Moreno Pirakiveyə və Kolumbiya Senatının üzvlərinə minnətdarlıq bildirilib.


Sonda Heydər Əliyev Fondu ilə Kolumbiyanın Uşaqlara qarşı zorakılıqların qarşısının alınması üzrə Şəbəkə Fondu arasında əməkdaşlıq haqqında saziş imzalanıb.


Səfər çərçivəsində Heydər Əliyev Fondunun nümayəndə heyəti Kolumbiyanın xarici işlər nazirinin müavini xanım Patti Londonyo ilə də görüşüb.


Görüşdə kolumbiyalı nazir müavininə Heydər Əliyevin Fondunun fəaliyyəti haqqında ətraflı məlumat verilib, həmçinin bir sıra sosial layihələrin birgə həyata keçirilməsinə dair məsələlər müzakirə olunub.


Azərbaycanın nümayəndə heyəti Boqota şəhərinin aztəminatlı rayonundakı məktəbin fəaliyyəti və uşaqların təhsil prosesi ilə də tanış olub. Heydər Əliyev Fondu tərəfindən bu məktəbə yardım edilib.


Görüşlərdə Azərbaycanın nümayəndə heyətini ölkəmizin Meksika, eyni zamanda, Kolumbiyadakı səfiri İlqar Muxtarov müşayiət edib.


FOTO

Paylaş: