ANG_9642.jpg
21 oktyabr 2013

Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi ilə Rumın-Amerikan Universiteti arasında əməkdaşlıq sazişi imzalanıb

Oktyabrın 21-də Heydər Əliyev Fondunun dəstəyi ilə Rumıniyanın Buxarest şəhərində fəaliyyət göstərən Rumın-Amerikan Universitetinin nəzdində Azərbaycan Araşdırmalar Mərkəzi açılıb.

 

Açılış mərasimində universitetin rektoru, müəllimlər, tələbələr, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının üzvləri, ARDNŞ-in Rumıniya nümayəndəliyinin əməkdaşları, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, türk-tatar icmasının təmsilçiləri, diplomatik korpusun və KİV nümayəndələri iştirak ediblər.

 

Tədbir Universitet Senatının otağında Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi ilə Rumın-Amerikan Universiteti arasında əməkdaşlıq sazişinin imzalanması ilə başlayıb. Sonra tədbirin iştirakçıları Azərbaycan Araşdırmalar Mərkəzinin yerləşdiyi “Bakı” otağının açılışında iştirak ediblər.

 

Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev tədbir iştirakçılarına mərkəzin fəaliyyət istiqamətləri barədə məlumat verib. Onun sözlərinə görə, mərkəzdə Azərbaycan dili tədris olunacaq, Azərbaycan ədəbiyyatı, mədəniyyəti, tarixi təbliğ ediləcək, ölkədə gedən inkişaf prosesləri barədə rumın tələbələrə məlumat veriləcək.

 

Rumın-Amerikan Universitetinin rektoru Ovidiu Folcut Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Rumın-Amerikan Universitetinə verdiyi böyük önəm üçün təşəkkür edib, Fondun Rumıniyadakı nümayəndəliyinin fəaliyyətini yüksək qiymətləndirib. Rektor yeni imzalanmış sazişin və yeni yaradılmış Azərbaycan Araşdırmalar Mərkəzinin iki xalq arasında olan dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcəyini vurğulayıb.

 

Tədbirin sonunda Azərbaycanın inkişafını əks etdirən “Azərbaycanın inkişafı: Neftdən sənayeyə doğru” filmi nümayiş olunub.


FOTO

VİDEO

Paylaş: