010_HAF-ITALIYA-TADBIRLAR.JPG
2 dekabr 2011

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Romada Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə iştirak edib

Dekabrın 2-də Romada Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.


Heydər Əliyev Fondunun təşəbbüsü və ölkəmizin İtaliyadakı səfirliyinin dəstəyi ilə baş tutan mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak etmişlər.

 

Mərasimdən əvvəl Mehriban xanım Əliyeva İtaliyanın Xarici İşlər Nazirliyinin dövlət katibi xanım Marta Dassu ilə görüşdü.

 

Azərbaycanın birinci xanımı ölkəmizin dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünün İtaliyanın paytaxtında keçirilməsindən məmnunluğunu bildirdi. Mehriban xanım Əliyeva Azərbaycan ilə İtaliya arasında əlaqələrin yüksək sürətlə inkişaf etməsinin təsadüfi olmadığını diqqətə çatdırdı. Məqsədinin Azərbaycanın mədəni irsini dünyada tanıtmaq olduğunu vurğulayan Heydər Əliyev Fondunun prezidenti bu görüşün əlaqələrin inkişafına yeni təkan verəcəyini söylədi.

 

İtaliyanın Prezidenti Ciorcio Napolitano ilə görüşünü xatırlayan Mehriban xanım Əliyeva bir sıra vacib məsələlərin müzakirə edildiyini, Azərbaycan ilə İtaliyanı sıx dostluq münasibətlərinin birləşdirdiyini və əlaqələrin daha da genişlənəcəyini diqqətə çatdırdı.

 

Xanım Marta Dassu yeni təyin olunduğu vəzifəsində ilk görüşünü məhz Azərbaycanın birinci xanımı ilə keçirdiyindən məmnunluğunu dilə gətirdi. “Mən hesab edirəm ki, Azərbaycan hər bir sahədə İtaliya ilə yaxın münasibətdə olmalıdır”, - deyən dövlət katibi bu əlaqələrin xüsusən iqtisadi və mədəni sahələrdə genişlənməsinin zəruriliyini önə çəkdi.

 

Xanım Marta Dassu Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın tərcümeyi-halı ilə tanış olduğunu diqqətə çatdırdı, onun rəhbərliyi altında Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin əhəmiyyətini vurğuladı. 

 

X X X

 

Görüşdən sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Marta Dassu milli xalçalarımızın sərgisinə baxdılar. Azərbaycan xalçaçılıq məktəbinin zəngin ənənələrini əks etdirən xalçalar sərgiyə baxanlarda heyranlıq doğurdu. Sərgidə yer alan Qarabağ xalçaçılıq məktəbinin nümunələri bu ərazinin əzəli Azərbaycan torpağı olduğunu bir daha sübut etdi. Böyük tarixi inkişaf yolu keçən Azərbaycan xalçaçılıq sənəti bu gün özünün qayğıkeş hamisi olan Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrlə dünyada tanınır, yeni inkişaf mərhələsinə qədəm qoyur.

 

Qədim misgərlik nümunələrinin və milli musiqi alətlərinin  sərgiləndiyi guşə isə Azərbaycanın incəsənətini, mədəniyyətini nümayiş etdirməklə yanaşı, onun qədim tarixinin və ənənələrinin əyani göstəricisi oldu. Bu ənənələr bu gün də qorunub saxlanılmaqdadır.

 

Bakıda keçirilən “Qız qalası” Beynəlxalq incəsənət festivallarının iştirakçıları tərəfindən yaradılan əsərlər qonaqlar tərəfindən maraqla qarşılandı. İyirmi əsərin nümayiş olunduğu bu sərgidə dünyanın müxtəlif ölkələrindən olan rəssamlar Bakının rəmzi sayılan Qız qalasının timsalında hiss və duyğularını auditoriyaya çatdırırlar.

 

Sərgi çərçivəsində Heydər Əliyev Fondunun nəşr etdirdiyi və Azərbaycan tarixinin, mədəniyyətinin müxtəlif istiqamətlərini əks etdirən kitab və bukletlərlə yanaşı, “Azərbaycan” nəşrinin italyan dilində təqdimatı oldu. Ölkəmizin tarixi, mədəniyyəti, paytaxtı da daxil olmaqla regionları haqqında ətraflı məlumatın toplandığı nəşrdəki 1000-dən çox fotoşəkil sərgiyə gələnlərdə böyük maraq oyatdı.

 

Sonra təntənəli mərasim başladı.

 

Mərasimdə çıxış edən İtaliyanın Xarici İşlər Nazirliyinin dövlət katibi Marta Dassu Azərbaycan üçün çox əhəmiyyətli bir yubileyə həsr olunmuş tədbirdə iştirakından şərəf duyduğunu söylədi. O, Mehriban xanım Əliyevanı Azərbaycan mədəni irsinin dünyada təbliği işinə verdiyi töhfələri təqdir etdiyini bildirdi.

 

Azərbaycanın birinci xanımı mərasimdə çıxış etdi.

 

X X X

 

Mərasimin rəsmi açılışından sonra Xalq Artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestri, İsfar Sarabski və “Natiq ritm qrupu” maraqlı konsert proqramı ilə çıxış etdilər.


X X X

 

Konsertdən sonra qonaqlara zəngin Azərbaycan mətbəxinin nümunələri təqdim olundu.

 

Birinci xanım Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən bu möhtəşəm gecədə Azərbaycan öz gözəlliyi və mədəni zənginliyi ilə İtaliya tamaşaçısının ürəyinə yol tapdı. 


FOTO