001.JPG
26 dekabr 2016

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Binə qəsəbəsində yeni tikilən körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub

Dekabrın 26-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xəzər rayonunun Binə qəsəbəsində yeni istifadəyə verilən 343 nömrəli körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub.

 

Bağçanın binasının tikintisinə Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində 2015-ci ildə başlanılıb. Tikinti işləri bu ilin avqust ayında tam yekunlaşıb.

 

İkimərtəbəli körpələr evi-uşaq bağçası 140 uşaq yerlikdir və 7 qrupdan ibarətdir. Burada müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, idman və musiqi zalları, yeməkxana yaradılıb. Müəssisə uşaqların zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün lazımi inventarla təchiz edilib.

 

Uşaqların maraqları nəzərə alınaraq bağçanın gözoxşayan həyəti, xüsusi istirahət guşələri var. Bağça müasir yanğından mühafizə və videomüşahidə sistemləri ilə təchiz edilib.

 

Mehriban Əliyeva təhsil müəssisəsinin balaca sakinləri ilə görüşüb, onlarla söhbət edib, xatirə şəkli çəkdirib.

 

Xatırladaq ki, 2014-cü ilin fevral ayında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı zamanı Fondun məktəbəqədər təhsil müəssisələrində mövcud vəziyyətin monitorinqinin nəticələri açıqlanıb. İlkin mərhələdə bu monitorinqin paytaxtı əhatə etdiyi, gələcəkdə onun bütün ölkədə aparılacağı bildirilib, yeni uşaq bağçalarının inşasına ehtiyacın olduğu müəyyənləşib. Binə qəsəbəsində inşa edilən körpələr evi-uşaq bağçası da bu istiqamətdə atılan addımlardan biridir.

 

Körpələr evi-uşaq bağçası ilə tanış olan Mehriban Əliyeva müəssisənin işinə uğurlar arzulayıb.


FOTO

VİDEO

Paylaş: