01.jpg
16 yanvar 2014

Budapeştdə əlil uşaqlar üçün reabilitasiya mərkəzinin yeni korpusunun təməli qoyulub

Yanvarın 16-da Budapeştdə görmə qabiliyyəti zəif olan uşaqlar üçün Laslo Battiani adına Roma Katolik Mərkəzində reabilitasiya kursu keçmiş 18 yaşdan yuxarı oğlanlar və qızlar üçün yeni beşmərtəbəli yataqxana korpusunun təməlqoyma mərasimi keçirilib. Layihə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə həyata keçirilir.

 

1982-ci ildə Macarıstan katolik kilsəsi tərəfindən yaradılmış mərkəzin əsas missiyası görmə, hərəkət, ünsiyyət qabiliyyətləri pozulmuş və digər fiziki imkanları məhdud olan uşaqlara yardım göstərməkdir. Hazırda mərkəz uşaq evi, uşaq bağçası və ibtidai məktəbdən ibarətdir. Uşaqlar mərkəzdə xüsusi təhsil almaqla yanaşı, müxtəlif reabilitasiya proqramları və hərəkət imkanlarının, fərdi qabiliyyətlərinin artırılmasına yönəlmiş təlimlər vasitəsilə müalicə olunur, peşə vərdişlərinə yiyələnirlər. Ümumi sahəsi 2800 kvadratmetr olan müəssisə 1994-cü ildə əsaslı təmir edilib.

 

Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa olunacaq korpus mövcud binalar kompleksi ilə birləşdiriləcək. 30 çarpayılıq beşmərtəbəli yataqxana korpusunun ümumi sahəsinin 1385,26 kvadratmetr olması nəzərdə tutulur. Layihəyə əsasən, binada dərs, istirahət, yataq otaqları, mətbəx və lift olacaq.

 

Təməlqoyma mərasimindən əvvəl Mərkəzin binasında Macarıstanın baş naziri aparatının xarici siyasət və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi, Azərbaycan-Macarıstan hökumətlərarası iqtisadi komissiyasının həmsədri Peter Siyarto və Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayevin görüşü olub. Görüşdə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və mərkəzin rahibəsi Anna Fexer də iştirak ediblər.

 

Mərasimdə çıxış edənlər Heydər Əliyev Fondunun xeyriyyəçilik fəaliyyətini və iki xalq arasında münasibətlərin ümumi səviyyəsini yüksək qiymətləndiriblər.


FOTO

VİDEO