2.jpg
29 yanvar 2014

Pakistanın Peşəvar şəhərindəki Xayber Göz Fondunun klinikasında gözləmə otaqlarının açılışı olub

Pakistanın Xayber Paxtunxva əyalətinin Peşəvar şəhərində fəaliyyət göstərən Xayber Göz Fondunun klinikasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə inşa edilmiş kişi və qadınlar üçün gözləmə otaqlarının açılış mərasimi keçirilib.

 

Mərasimdə Xayber Göz Fondunun idarə heyətinin sədri Hacı Məhəmməd Həlim Xan, Pakistan Senatının yayım və informasiya komitəsinin sədri, İslam dövlətləri ticarət və sənaye palatasının vitse-prezidenti senator Hacı Qulam Əli, Xayber Paxtunxva əyaləti parlamentinin deputatları, ziyalılar, ictimai-siyasi xadimlər, media nümayəndələri iştirak ediblər.

 

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Mehriban Əliyevanın Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi uğurlu layihələrdən danışıb. Səfir bildirib ki, Heydər Əliyev Fondu tərəfindən Pakistanda həyata keçirilən silsilə humanitar yardım proqramları çərçivəsində Xayber Paxtunxva əyalətində hepatit B virusuna qarşı peyvənd kampaniyası, açıq ürək əməliyyatları aparılıb, əyalətin klinikalarında serebral iflicin müayinəsi, Pakistan-Əfqanıstan sərhədi boyunca pulsuz qanköçürmə təşkil edilib, göz klinikasının tikintisi üçün maddi yardım göstərilib, 2012-2013-cü illərdə Qurban Bayramında və Ramazan ayında əyalətin müxtəlif bölgələrində humanitar layihələr həyata keçirilib.

 

Tədbirdə çıxış edən Xayber Göz Fondunun idarə heyətinin sədri Hacı Məhəmməd Həlim Xan Mehriban Əliyevaya göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib.

 

Pakistan Senatının yayım və informasiya komitəsinin sədri, İslam dövlətlərinin ticarət və sənaye palatasının vitse-prezidenti senator Hacı Qulam Əli Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələri yüksək qiymətləndirib. O, hesab edir ki, Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində həyata keçirilən layihələr iki xalq arasındakı münasibətləri daha da möhkəmləndirir.

 

Mərasimin rəsmi hissəsindən sonra tədbir iştirakçıları Xayber Göz Fondu, yeni inşa olunmuş gözləmə otaqları ilə tanış olublar.


FOTO