Без-имени-1.jpg
23 noyabr 2015

“Uşaq həftəsi” çərçivəsində 20-dən çox uşaq əməliyyat olunacaq

Ümumdünya Uşaq Günü münasibətilə Heydər Əliyev Fondunun təşəbbüsü və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Mərkəzi Neftçilər Xəstəxanasında “Uşaq həftəsi” aksiyasına start verilib.

 

Aksiya çərçivəsində tanınmış ürək-damar cərrahı Rəşad Mahmudovun rəhbərliyi ilə yerli və xarici həkim briqadaları tərəfindən anadangəlmə ürək qüsurundan əziyyət çəkən 200-dən çox uşağın müayinə və müalicəsi planlaşdırılır. Bununla yanaşı, 20-dən çox uşaq üzərində mürəkkəb açıq ürək əməliyyatlarının icrası gözlənilir. Bu əməliyyatların 12-si Heydər Əliyev Fondunun ayırdığı maliyyə vəsaiti hesabına həyata keçiriləcək.

 

Aksiya çərçivəsində artıq 15 günlük körpənin yuxu arteriyasından ürəyin qapaq əməliyyatı keçirilib. Nəticələr həkimlərin gözlədiyindən daha yaxşı alınıb. Anadangəlmə ürək qüsuru olan 26 həftəlik körpənin əməliyyatı da nəzərdə tutulub. Bundan başqa, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası tərəfindən hazırlanmış “Ürəklər susmasın” adlı videoçarx müxtəlif televiziya kanallarında nümayiş olunacaq.

 

Aksiya ilə bağlı Azərbaycanda işgüzar səfərdə olan italiyalı mütəxəssislər səhiyyəmizdə yüksək nailiyyətlər əldə edildiyini və bunun bir çox Avropa ölkələrinə nümunə olduğunu vurğulayıblar.