2.jpg
8 fevral 2005

Heydər Əliyev Fondunda talassemiya problemlərinə həsr olunmuş “Dəyirmi masa” keçirilib

Fevralın 8-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə talassemiya problemlərinə həsr olunmuş "Talassemiyasız həyat naminə" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

 

Tədbirə dəvət olunmuş müxtəlif beynəlxalq səhiyyə təşkilatlarının, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun, iri yerli və xarici şirkətlərin nümayəndələri, beynəlxalq ekspertlər, əvvəlcə, Azərbaycan xalqının ümummilli liderinin həyat və fəaliyyətini əks etdirən sərgiyə baxdılar, ulu öndərin nurlu xatirəsini ehtiramla yad etdilər.

 

Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban xanım Əliyeva tədbiri açaraq iştirakçıları, o cümlədən ABŞ-ın Çikaqo Reproduktiv Genetika Elmi Tədqiqat İnstitutunun direktoru Ənvər Quliyevi salamladı. O, Fond barədə məlumat verərək bildirdi ki, Heydər Əliyev Fondunun əsas məqsədi ulu öndərimizin Vətən, xalq üçün göstərdiyi xidmətləri, onun ümumbəşəri ideyalarını, zəngin irsini təbliğ etmək, gənclər və gələcək nəsillər üçün qoruyub saxlamaqdır. Fondun çoxşaxəli fəaliyyətinin öncül istiqamətlərindən biri cəmiyyətimizdə yardıma ən çox ehtiyacı olan insanlara diqqət və qayğıdır. Bu, ilk növbədə, qaçqın və məcburi köçkün ailələri, uşaq evləri, internat məktəblərində tərbiyə alan uşaqlar və əlbəttə, müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlardır.

 

Fond bu istiqamətdə qısa zamanda bir neçə böyük layihə ("Diabetli uşaqlara ən yüksək qayğı", uşaq evi və internat məktəblərinin inkişafı, "Mən Azərbaycanı sevirəm" rəsm sərgisi, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlarla görüşlər və sair) hazırlayıb həyata keçirmişdir.

 

Talassemiya xəstəliyinin ölkəmiz üçün çətin problemlərdən biri olduğunu konkret faktlarla diqqətə çatdıran Mehriban xanım xatırlatdı ki, Azərbaycanda talassemiya haqqında ilk məlumatlar keçən əsrin 50-ci illərindən sonra alınmışdır. Azərbaycanın bir sıra rayonlarında talassemiya geninin yayılma tezliyi dünya üzrə rekord göstəriciyə çatır. Talassemiya daşıyıcılarının əhalinin sayına görə orta nisbəti 8 faizə bərabərdir. Yəni, respublikamızın hər 12 sakinindən biri bu patoloji genin daşıyıcısıdır. Hər il 200-ə qədər böyük BETA-talassemiya xəstə uşaq anadan olur. Yaşayan böyük talassemiya xəstələrinin sayı isə 2 mindən artıqdır. Əslində, bu rəqəmlər daha da yüksək ola bilər. Çünki ölkəmizin bəzi ucqar rayonlarında talassemiya diaqnozu qoyulmur və anadan olan uşaq xüsusi müayinələrdən keçmir, əfsuslar olsun, həyatının ilk illərində vəfat edir və ölümünün səbəbi də bilinmir.

 

Dünya səhiyyə təşkilatının proqnozuna görə, Azərbaycanda talassemiyanın profilaktikası lazımınca təşkil edilməsə, bu xəstəliyə düçar olmuş xəstələrin sayının 45 il ərzində 16 minə çatacağını xatırladan Mehriban xanım Əliyeva bildirdi ki, hazırda Heydər Əliyev Fondu talassemiya xəstəliyinin qarşısını almaq məqsədi ilə böyük bir proqram üzərində işləyir. Həmin proqramın əsas istiqamətlərini iştirakçıların diqqətinə çatdıran Fondun prezidenti dedi ki, bunlar ictimaiyyətin, xarici ölkələrin və Beynəlxalq Talassemiya Federasiyasının diqqətini bu problemin həlli yollarının araşdırılmasına cəlb etmək, Azərbaycanda talassemiya xəstəliyinin müalicəsi və diaqnostikası məqsədi ilə Heydər Əliyev Fondu tərəfindən ixtisaslaşdırılmış mərkəzin və qan bankının yaradılması, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün könüllü donor xidmətinin inkişaf etdirilməsi, talassemiyanın yayılmasının qarşısının alınmasından ötrü əhalinin maarifləndirilməsi və prenatal diaqnostika üsulu vasitəsilə xəstəliyin proqnozlaşdırılması (xüsusilə bu yeni ailələrə aiddir), talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə əməkdaşlığın genişləndirilməsi çərçivəsində ölkəmizdə yüksək ixtisaslı kadrların hazırlanmasıdır.

 

Sonra mövzu ətrafında müzakirələr oldu.

 

Səhiyyə nazirinin müavini Elsevər Ağayev, ABŞ-ın Çikaqo Reproduktiv Genetika Elmi Tədqiqat İnstitutunun direktoru Ənvər Quliyev, İtaliyanın Bakıdakı səfiri Marqarita Kosta, B.A.Eyvazov adına Elmi Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun direktoru Azad Hacıyev, "Savab Dünyası" Talassemiya Assosiasiyasının prezidenti Nailə Quliyeva, "Barmek" şirkətinin prezidenti Hüseyn Arabul, İsrailin Bakıdakı səfiri Eytan Naye və Milli Məclisin deputatı Vəsadət Əzizov çıxış edərək, adı çəkilən proqram barədə, habelə talassemiya xəstəliyi ilə mübarizə aparan və artıq müsbət nəticələr əldə edən bir sıra xarici dövlətlərlə, o cümlədən İtaliya, Yunanıstan və Türkiyə ilə əlaqələrin genişləndirilməsi ilə bağlı fikirlərini açıqladılar, təkliflərini söylədilər.

 

Heydər Əliyev Fondunun bu xeyirxah təşəbbüsünü yüksək qiymətləndirən natiqlər vurğuladılar ki, bu bəlanın aradan qaldırılması üçün hazırda Azərbaycanda bütün imkanlar mövcuddur. Fondun bu problemə xüsusi diqqət yetirməsi də əminlik yaradır ki, ölkəmizdə talassemiyalı uşaqlara xüsusi qayğı göstəriləcək, onların başqa ölkələrdəki kimi tam dəyərli həyat sürə bilmələri və cəmiyyətə inteqrasiya olunmaları üçün əlindən gələni əsirgəməyəcəkdir.

 

Çıxış edənlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin səhiyyəyə göstərdiyi diqqət və qayğını xatırlatdılar, Azərbaycan parlamentində müvafiq qanun layihələrinin hazırlanması və qəbulu ilə bağlı məsələlərdən söz açdılar. Xüsusi vurğulandı ki, Prezident İlham Əliyevin tapşırığı ilə yeni tibbi texnologiyanın tətbiqi və avadanlığın alınması üçün bu il dövlət büdcəsindən ayrılan vəsaitin həcmi 15 qat artırılmışdır.

 

Mehriban xanım Əliyeva "dəyirmi masa"ya yekun vuraraq dedi ki, hesab edirəm, çox vacib və dəyərli müzakirələr oldu. Talassemiyadan ən çox uşaqlar əzab çəkir. Xəstəlik böyük-kiçik tanımasa da, uşaqların əzabı daha ağrıdıcıdır. Amma dünyada bu xəstəlikdən tamamilə sağalan insanlar var. Ona görə çox böyük iş görmək lazımdır və bunun öhdəsindən yalnız birlikdə gəlmək olar. Həm dövlət, həm də ictimaiyyət, Fondlar, imkanlı insanlar birlikdə bu bəlanın qarşısını ala bilərlər. Heydər Əliyev Fondu üçün isə əsas məsələ ixtisaslaşdırılmış mərkəzin və qan bankının yaradılmasıdır. Beləliklə, biz bu gün bu problemin həlli yolunda birinci addımı birlikdə atdıq. Heydər Əliyev Fondu bu istiqamətdə hər bir yardımı dəstəkləyir və təklifləri gözləyir.


FOTO