17 avqust 2014

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Biləsuvar şəhərində iki yeni uşaq bağçası tikilir

Heydər Əliyev Fondunun təşəbbüsü ilə son illərdə Biləsuvarda həyata keçirilən bir çox sosial yönümlü layihələrin sırasına bu il uşaq bağçalarının tikintisi də əlavə olunub.


İlin əvvəlindən inşasına başlanan iki yeni uşaq bağçasının birində artıq tamlanma işləri gedir, digərinin tikintisi isə sürətlə davam etdirilir.


Biləsuvar şəhərinin “Təyyarə meydanı” adlanan yaşayış massivində 100 yerlik bağçanın təməli cari ilin mart ayında qoyulub. İkimərtəbəli məktəbəqədər tərbiyə ocağında əsas tikinti yekunlaşıb. İyirmi otaqdan ibarət bağçada balacaların təlim- tərbiyəsi üçün bütün imkanlar yaradılır və yaxın günlərdə binanın istifadəyə verilməsi nəzərdə tutulub.


Rayondakı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan küçədə isə 200 yerlik bağça kompleksi inşa olunur. Hazırda binanın ikinci mərtəbəsində tikinti işləri davam etdirilir. Ən müasir tələblər əsasında tikilən 40 otaqdan ibarət ikimərtəbəli bağça ilin sonuna kimi qapılarını balacaların üzünə açacaq.


Qarşıdakı ildə isə rayonda daha iki bağçanın inşası nəzərdə tutulub.


Qeyd edək ki, ötən il rayonun Zəhmətabad kəndində 40, Biləsuvar şəhərində isə 50 yerlik uşaq bağçalarının binaları yeniləşib, 125 yerlik körpələr evi isə əsaslı şəkildə yenidən qurulub.