001.JPG
22 oktyabr 2014

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya “Həştərxan vilayəti qarşısındakı xidmətlərinə görə” ordeni təqdim olunub

Oktyabrın 22-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin ilə görüşüb.

 

Mehriban Əliyeva Heydər Əliyev Fondu ilə Həştərxan vilayətini səmərəli əməkdaşlıq əlaqələrinin birləşdirdiyini deyib. Fondun Həştərxanda bir sıra iri layihələr reallaşdırdığını xatırladan Mehriban Əliyeva misal kimi ümummilli lider Heydər Əliyevin adını daşıyan 11 saylı məktəbi, uşaq bağçasını, “Dostluq” körpüsünü, uşaq əyləncə şəhərciyini, knyaz Vladimir abidəsini göstərib. Birinci xanım bu əməkdaşlığın davam edəcəyinə əminliyini bildirib, Azərbaycanla Rusiyanı möhkəm dostluq əlaqələrinin birləşdirdiyini söyləyib, siyasi, iqtisadi əlaqələrlə yanaşı, mədəniyyət və təhsil sahəsində də münasibətlərin genişləndirilməsinə böyük diqqət yetirildiyini vurğulayıb. Mehriban Əliyeva Fondun layihələrinin Həştərxan vilayətinin qubernatorunun rəhbərliyi ilə həyata keçirildiyini də qeyd edib, buna görə Aleksandr Jilkinə təşəkkürünü bildirib.

 

Qubernator isə Fond tərəfindən Həştərxanda reallaşdırılan layihələrin istiqamətinin düzgün seçildiyini deyib. O, bu layihələrin Həştərxan sakinləri tərəfindən böyük rəğbətlə qarşılandığını söyləyib.

 

Görüşdə Azərbaycan ilə Həştərxan arasında birbaşa aviareysin açılmasının vacibliyinə toxunulub, Həştərxan sakinlərinin Azərbaycanı turist kimi ziyarət etmək arzuları ifadə olunub.

 

Görüşdə Avropa Oyunlarına hazırlıq məsələləri də müzakirə edilib, Heydər Əliyev Fondunun xətti ilə Həştərxanda mədəni tədbirlərin təşkilinin mümkünlüyü vurğulanıb, Azərbaycan ilə Həştərxan arasında balıqçılıq sahəsində əməkdaşlıq məsələsi müzakirə edilib. Tərəflər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Birliyi ilə birlikdə nərə balıqları ilə bağlı layihənin həyata keçirilməsinin mümkünlüyünü də müzakirə ediblər.

 

Sonda Aleksandr Jilkin Mehriban Əliyevaya “Həştərxan vilayəti qarşısındakı xidmətlərinə görə” ordenini və xatirə hədiyyəsini təqdim edib.


FOTO

VİDEO