24 dekabr 2011

Heydər Əliyev Fondunun Prezident İlham Əliyevin 50 illik yubileyi ilə bağlı hazırladığı “XXI əsrin salnaməsi” adlı sənədli filmin nümayiş olub

Heydər Əliyev Fondunun Prezident İlham Əliyevin 50 illik yubileyi ilə bağlı hazırladığı “XXI əsrin salnaməsi” adlı sənədli film dekabrın 24-də Azərbaycan Televiziyası ilə nümayiş olunmuşdur.


Layihənin rəhbəri Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, ideya müəllifi isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.


Sergey Şanoviçin rejissorluğu ilə çəkilmiş film Mehriban xanım Əliyevanın bu fikirləri ilə başlayır: “Nadir şəxsiyyətlər haqqında danışmaq xüsusən də onların doğma və əziz adamlarına çox çətindir. Adətən insanlar haqlı olaraq deyirlər ki, görkəmli şəxsiyyətin əsl qiymətini zaman və tarix özü verəcəkdir. Lakin tarixi yaddaş üçün son dərəcə vacibdir ki, belə şəxsiyyətlər haqqında onları yaxşı tanıyan insanlar öz fikirlərini söyləsinlər, öz düşüncələrini paylaşsınlar. Məhz buna görə mən bu gün Azərbaycan Prezidenti İlham Əliyev haqqında bir neçə kəlmə söz söyləmək və onun ad gününü təbrik etmək istəyirəm”.


Prezident İlham Əliyevin övladları, orta məktəb müəllimləri, tanınmış ictimai-siyasi xadimlər, ziyalılar dövlətimizin başçısı haqqında fikirlərini söyləyir, ona xoş arzularını çatdırırlar.


Dövlətimizin başçısının şərəfli həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunduğu filmdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirdiyi vurğulanır. Filmdə Azərbaycan Prezidentinin ölkəmizdə iqtisadiyyatın, mədəniyyətin, səhiyyənin, təhsilin, idmanın inkişafı, milli mənəvi dəyərlərin qorunması, ordu quruculuğu, əhalinin sosial rifahının yaxşılaşdırılması, regionların müasirləşdirilməsi istiqamətində, xarici siyasətdəki mühüm xidmətlərindən bəhs olunur.


Dövlətimizin başçısının portretini tamamlayan ştrixlərdən danışarkən ailə üzvləri onun yüksək intellekti, peşəkarlığı, əzmkarlığı, insana və insanlığın qələbəsinə inamını xüsusi qeyd edirlər.


Filmdə vurğulanır ki, Azərbaycan xalqının müdrikliyinə və istedadına inam Prezident İlham Əliyevin qəlbində hər zaman olub və olacaqdır. Elə buna görə də o, qarşısına qoyduğu hər bir məqsədə, arzuya çata bilmişdir.


Azərbaycanın zəngin sərvətlərini, qədim mədəniyyətini, təbii gözəlliklərini, milli adət-ənənələrini və müasir inkişafını əks etdirən kadrlar filmi daha maraqlı və məzmunlu etmişdir.