1421413747991830107_750x500.jpg
16 yanvar 2015

Pakistanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş “20 Yanvar şəhidləri bulağı”nın açılışı olub

Yanvarın 16-da Pakistanın Pəncab əyalətinin Qucarxan bölgəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş “20 Yanvar şəhidləri bulağı”nın açılış mərasimi keçirilib.


Qucarxan şəhərinin İbn-e-Xaldun Akademiyasında təşkil olunmuş mərasimdə akademiyanın rektoru Qazi Məhəmməd İmran 25 il əvvəl Bakıda törədilmiş 20 Yanvar faciəsi haqqında danışıb. Bölgə bələdiyyəsinin rəisi Raja Rizvan Nazim, Təhsil Nazirliyinin təmsilçisi Məhəmməd Azad və tanınmış siyasətçi Muştaq İştiaq Çoudri də 20 Yanvar faciəsindən söhbət açıblar.


Mərasimdə Azərbaycan-Pakistan Media Forumunun baş katibi Raja Cavid Batti də çıxış edib. O, “20 Yanvar şəhidləri bulağı”nın Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə inşa edildiyini xatırladıb. Raja Cavid Battinin sözlərinə görə, layihə çərçivəsində içməli su qıtlığından əziyyət çəkən bu regionda alternativ enerji ilə işləyən iki artezian quyusu qazılıb. O, görülmüş işlərə görə Mehriban Əliyevaya, Azərbaycan xalqına və dövlətinə minnətdarlıq edib.


Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov tədbir iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Qanlı Yanvar hadisələri haqda məlumat verib.

 

Tədbirin sonunda akademiyada təhsil alan şagirdlər tərəfindən Qara Yanvar faciəsini əks etdirən səhnəciklər nümayiş etdirilib.