4.jpg
17 yanvar 2015

Fransanın Mejev şəhərində Azərbaycan mədəniyyəti günlərinin açılışı olub

Azərbaycanı Fransada daha yaxından tanıtmaq məqsədilə Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycanın Parisdəki səfirliyinin dəstəyi ilə həyata keçirilən “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində növbəti tədbir təşkil edilib. Yanvarın 17-də Savua regionunun Mejev şəhərində Azərbaycan mədəniyyəti günlərinin təntənəli açılışı olub.

 

Tədbiri şəhərin meri xanım Kristin Jülyən-Breş açıb. O, Xəzər dənizinin sahilində yerləşən Azərbaycanın qədim sivilizasiya məkanı kimi artıq dünyada tanındığını, yalnız mədəniyyəti ilə deyil, yeraltı sərvətləri ilə də zəngin olduğunu, Şərqi Avropanın, Asiyanın və Yaxın Şərqin qovşağında yerləşdiyini bildirib.

 

Mer müstəqilliyini 1991-ci ildə bərpa etmiş Azərbaycanın Fransa ilə müxtəlif sahələrdə əlaqələrini genişləndirdiyini vurğulayıb.

 

Kristin Jülyən-Breş Azərbaycanın Qusar rayonu ilə Mejev şəhəri arasında dostluq xartiyasının imzalandığını xatırladıb, Azərbaycana səfəri çərçivəsində Qusar rayonu ilə yaxından tanış olduğunu, Şahdağın ətəyində salınmış müasir tələblərə cavab verən xizək meydançasının Avropadakılardan geri qalmadığını söyləyib.

 

Mer Azərbaycan mədəniyyəti günlərinin təşkilinə görə Heydər Əliyev Fonduna və Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təşəkkür edib.

 

Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov Azərbaycanla Fransa arasındakı dostluq əlaqələrindən danışıb.

 

Fransa Milli Assambleyasının deputatı, Azərbaycan Dostları Assosasiyasının sədri Jan-Fransua Mansel isə Azərbaycanın zəngin və son dərəcədə maraqlı ölkə olduğunu, iki ölkənin xalqları arasında əlaqələrin sürətlə inkişaf etdiyini, Azərbaycanın öz müstəqilliyini uğurla qoruyub saxladığını bildirib.

 

Azərbaycanı Fransada tanıtmaqda Mehriban Əliyevanın təşəbbüsünü yüksək qiymətləndirən deputat deyib ki, məhz Heydər Əliyev Fondunun sayəsində Fransanın müxtəlif regionlarında və şəhərlərində təşkil olunan tədbirlər Azərbaycanın zəngin mədəni dəyərlərinin fransızlara təbliğində müstəsna əhəmiyyət daşıyır.

 

Jan-Fransua Mansel fransızları Azərbaycana səfər etməyə, bu ilin iyununda Bakıda keçiriləcək birinci Avropa Oyunlarında iştiraka çağırıb.

 

Açılış mərasimində Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov da çıxış edib. Azərbaycanın Fransada tanıdılması istiqamətində mühüm işlər görən Mehriban Əliyevanın təşəbbüsü ilə artıq bu ölkənin 23 şəhərində “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində tədbirlərin keçirildiyini xatırladan səfirin sözlərinə görə, bu səpgidə tədbirlər gələcəkdə də təşkil olunacaq.

 

Çıxışlardan sonra Mejev meriyasının rəsmiləri, şəhərin qonaqları əvvəlcə Heydər Əliyev Fondunun təşkil etdiyi və dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığını əks etdirən eksponatlarla tanış olublar. Sərgidə Qusar rayonundan olan rəssam, Azərbaycan və SSRİ Rəssamlar İttifaqının üzvü, əsərləri müxtəlif ölkələrin muzeylərində saxlanılan Əliyar Əlimirzəyevin rəsm əsərləri də yer alıb. 

 

Sərgi yanvarın sonunadək davam edəcək.

 

Tədbirdə Əməkdar Artist, virtuoz ifaçı İsfar Sarabskinin rəhbərlik etdiyi caz qrupu Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini səsləndirib.

 

Azərbaycan mədəniyyəti günləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən Mejevin orta məktəb şagirdlərinə Azərbaycan haqda məlumat verilib, onlara Azərbaycan şirniyyatları təqdim edilib.

 

Tədbirin sonunda qonaqlar Azərbaycan mətbəxinin nümunələrilə tanış olublar.


FOTO