10_KANN-AZERBAYCAN-MUSIQI-GECASI.jpg
15 iyul 2015

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kannda “Azərbaycan musiqi gecəsi” təşkil edilib

İyulun 15-də Kannda keçirilən Azərbaycanın Mədəniyyət günləri çərçivəsində “Azərbaycan musiqi gecəsi” təşkil olunub.

 

Kannın Festivallar sarayında keçirilən gecədə Fransanın tanınmış ictimai-siyasi xadimləri, Kann şəhər rəhbərliyi və digər nüfuzlu qonaqlar iştirak ediblər.

 

Tədbir iştirakçıları əvvəlcə “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı fotosərgi ilə tanış oldular. Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycanla bağlı nəşrləri də təqdim edildi.

 

“Azərbaycan musiqi gecəsi”nin aparıcısı ölkəmiz, onun qədim və zəngin mədəniyyəti, incəsənəti və musiqisi barədə ətraflı məlumat verdi. Kann şəhər merinin müavini, Festivallar sarayının prezidenti xanım Ann Reks tədbirin əhəmiyyətini vurğuladı. “Azərbaycanı qəbul etmək Kann şəhəri üçün böyük şərəfdir”,-deyən şəhər merinin müavini Azərbaycan mədəniyyətinin və incəsənətinin artıq üçüncü dəfədir ki, Kannda çox yüksək səviyyədə təqdim olunduğunu qeyd etdi. Ann Reks bildirdi ki, ölkəmiz Kannda çox yüksək səviyyəli mədəni tədbirlər təşkil edir. Bu da Kann şəhərinin sakinləri və buraya gələn qonaqlar tərəfindən yüksək maraqla qarşılanır.

 

Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel ölkəmizə səfərini xatırlatdı, Azərbaycanın mühüm geostrateji məkanda yerləşməklə çox tolerant ölkə olduğunu dedi. Jan-Fransua Mansel Dağlıq Qarabağ münaqişəsi barədə də danışdı, Ermənistanın Azərbaycanın torpaqlarını işğal etdiyini söylədi. Heydər Əliyev Fondunun Fransada silsilə tədbirlər təşkil etdiyini vurğulayan Azərbaycanın Dostları Assosiasiyasının prezidenti bu il Gəncə şəhərində Fransa-Azərbaycan Regionlararası Əməkdaşlıq Forumunun birinci iclasının keçiriləcəyini bildirdi.

 

Sonra konsert proqramı başladı. Konsertdə tanınmış caz ustası, pianoçu Emil Əfrasiyab və onun caz qrupu, eləcə də Azərbaycan incəsənət ustalarının iştirakı ilə etno-caz nümunələri təqdim olundu.


FOTO

VİDEO