009.JPG
22 yanvar 2016

Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən “Əbədi ezamiyyət” sənədli filminin təqdimatı olub

Yanvarın 22-də Nizami Kino Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan “Əbədi ezamiyyət” sənədli filminin və “Qərib məzarlar” kitab-albomunun təqdimat mərasimi keçirilib.

 

Layihənin rəhbəri və filmin baş prodüseri Arzu Əliyeva təqdimat mərasimində iştirak edib.

 

Filmin nümayişindən əvvəl layihə haqqında söhbət açılıb. Bildirilib ki, “Əbədi ezamiyyət” filmi Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ilin yanvarında parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir.

 

Yaradıcı heyət filmin hazırlanması üçün ilyarım müddətində Bakı, Tbilisi, Moskva, Sankt-Peterburq və Paris şəhərlərindəki arxivlərdə araşdırmalar aparıb, bu şəhərlərdə video və foto çəkilişlər edib, Fransada Azərbaycan mühacirəti ilə bağlı tədqiqat aparan alimlərlə görüşləri və söhbətləri lentə alıb.

 

“Qərib məzarlar” kitab-albomu isə 1919-cu ildə Parisə ezam olunmuş Azərbaycan nümayəndə heyətinin, eləcə də ötən əsrin 20-ci illərində bolşevik təqibindən yaxa qurtarmaq üçün Fransaya üz tutan soydaşlarımızın bu ölkədəki taleyi və məzarları barədə ilk məlumat toplusudur. “Əbədi ezamiyyət” sənədli filmi və “Qərib məzarlar” kitab-albomunun baş məsləhətçisi tanınmış diplomat Ramiz Abutalıbovdur.

 

Qeyd edilib ki, “Əbədi ezamiyyət” filmi Bakı Media Mərkəzinin Arzu Əliyevanın baş prodüserliyi ilə çəkdiyi ikinci sənədli filmdir. “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” adlı ilk sənədli film 2015-ci ilin mayında yerli televiziya kanalları vasitəsilə Azərbaycanda və “National Geographic” kanalı ilə 26 ölkədə nümayiş olunub.

 

Sonra film təqdim olunub.


Ekran əsərindən göründüyü kimi, Azərbaycanı Paris Sülh Konfransında təmsil edənlərin hamısı eyni tale yaşayıblar – yad ölkə, nisgilli ömür, qərib məzar... Ünvan Fransa kimi cəlbedici ölkə, Paris kimi gözəl şəhər olsa belə...

 

Bir saatadək davam edən film böyük maraqla izlənilib. Bu ekran əsəri 1993-cü ilin dekabrında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi Fransaya ilk rəsmi səfəri zamanı Paris yaxınlığındakı Sen-Klu qəbiristanlığına gedərək Paris Sülh Konfransının iştirakçısı olmuş Əlimərdan bəy Topçubaşovun və Ceyhun Hacıbəylinin qərib məzarlarını ziyarəti ilə yekunlaşır.


FOTO

VİDEO