1457969291917839079_1000x669.jpg
14 mart 2016

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Almaniyanın ölkəmizdəki səfiri xanım Haydrun Tempel ilə görüşüb

Martın 14-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Almaniyanın ölkəmizdəki səfiri xanım Haydrun Tempel ilə görüşüb.

 

Azərbaycan ilə Almaniya arasında mövcud əlaqələrin bütün sahələrdə yüksək səviyyədə olduğunu deyən Mehriban Əliyeva münasibətlərimizin inkişafında Haydrun Tempelin xidmətlərini xüsusi qeyd edib. “Siz səfir olaraq ölkəmiz haqqında dolğun məlumatlar çatdırırsınız”, - deyən Mehriban Əliyeva bildirib ki, bu, ölkələrimiz və xalqlarımız arasında dostluq əlaqələrinin inkişafına önəmli töhfədir.

 

Azərbaycanın Avropanın aparıcı ölkələrindən biri olan Almaniya ilə əlaqələrin inkişafında maraqlı olduğu vurğulanıb. Bildirilib ki, ölkələrimiz arasındakı əməkdaşlıq qarşılıqlı maraq əsasında qurulub. Ölkələrimizin humanitar sahədə də münasibətlərinin inkişafı üçün yaxşı potensialın mövcudluğu qeyd edilib, Heydər Əliyev Fondunun bu sahədə daha çox iş görməyə hazır olduğu vurğulanıb. Heydər Əliyev Fondunun Almaniyada bir sıra layihələr həyata keçirdiyini xatırladan Mehriban Əliyeva bu layihələrin böyük maraqla qarşılandığını, humanitar sahədə əməkdaşlıq imkanlarının geniş olduğunu diqqətə çatdırıb.

 

Azərbaycanın birinci xanımı ilə görüşdən şərəf duyduğunu deyən səfir Haydrun Tempel ölkələrimiz arasında münasibətlərə verilən yüksək dəyərə görə Mehriban Əliyevaya dərin təşəkkürünü bildirib. Səfir Azərbaycan ilə Almaniya arasında gözəl münasibətlərin qurulduğunu qeyd edib, Mehriban Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun fəaliyyətinin ölkəmizin hüdudlarından kənarda da yaxşı tanındığını vurğulayıb.

 

Görüşdə təhsil və mədəniyyət sahələri ilə bağlı layihələr müzakirə edilib.


FOTO

VİDEO