1481617657938033826_1000x669.jpg
13 dekabr 2016

“Regional İnkişaf” İctimai Birliyi və UAFA təşkilatı birgə layihə həyata keçirir

“Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Böyük Britaniyanın Azərbaycana Birgə Yardım (UAFA) təşkilatı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Memoranduma əsasən, RİİB və UAFA regionlarda əhalinin elm, təhsil, səhiyyə, idman, turizm, ekologiya, mədəniyyət, incəsənət, sahibkarlığın inkişafı və digər sahələrdə mövcud problemlərinin öyrənilməsi və onların həlli istiqamətində birgə layihələr həyata keçirəcək.

 

Bu istiqamətdə artıq iki rayonda - Biləsuvarda və Cəlilabadda “Davamlı regional inkişaf proqramı”nın icrasına başlanılıb. 2017-ci il oktyabrın 19-dək davam edəcək proqram çərçivəsində reallaşan layihə aztəminatlı ailələrin davamlı kənd təsərrüfatı imkanlarının genişləndirilməsini, sahibkarlıq fəaliyyətinin təşviqini, uşaqlara yönəlik müasir metodologiyalar vasitəsilə səhiyyə, təhsil və sosial xidmətlər şəbəkəsinin gücləndirilməsini nəzərdə tutur.

 

Regionlarda layihənin həyata keçirilməsində iştirak etmək məqsədilə UAFA tərəfindən ali məktəb məzunları arasından seçilən gənclərə müvafiq təlimlər keçirilib.

 

Layihə nümayəndələri kimsəsiz uşaqların, hüquqi və sosial dəstəyə ehtiyacı olan şəxslərin problemlərini öyrənmək və onların həlli məqsədilə müvafiq dövlət qurumları ilə əlaqələndirmək üçün Biləsuvar və Cəlilabad rayonlarında ailələrdə görüşlər keçiriblər.