14908813013664558690_1000x669.jpg
30 mart 2017

“Azərbaycan ailəsi 2017” film festivalına start verilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə 9-cu “Azərbaycan ailəsi 2017” film festivalına start verilib.

 

2009-cu ildən etibarən həyata keçirilən və beynəlxalq xarakter daşıyan “Azərbaycan ailəsi” film festivalının və festival çərçivəsində keçirilən “Həyatdan şəkilə” adlı fotomüsabiqənin əsas məqsədi kinematoqrafiya və fotoqrafiya sənətinin vasitəsi ilə ailə dəyərlərinin təbliği, milli-mənəvi dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, cəmiyyətdə mövcud olan problemlərin işıqlandırılması, gənclərdə yaradıcılıq qabiliyyətinin aşkar olunması, eləcə də ailə məsələlərini əks etdirən video və foto materiallardan ibarət fondun zənginləşdirilməsi və təqdim edilən işlərin maarifləndirmə məqsədilə cəmiyyət üzvlərinə nümayiş etdirilməsidir.

 

“Azərbaycan ailəsi 2017” film festivalının və “Həyatdan şəkilə” adlı fotomüsabiqənin keçirilməsinin şərtlərini, qaliblərin müəyyənləşdirilməsi və mükafatlandırılması qaydalarını özündə əks etdirən əsasnamə və iştirakçılar üçün anket formaları festivalın Təşkilat Komitəsi tərəfindən hazırlanaraq Komitənin rəsmi internet səhifəsində (www.scfwca.gov.az) yerləşdirilib.

 

Festivalın məqsədinə və ideyasına uyğun olan bədii, sənədli, animasiya filmləri, sosial çarxlar, televiziya verilişləri, fotoşəkillər və “Xarici film” nominasiyası üzrə xarici rejissorlar tərəfindən təqdim edilən (öz ölkələrinin milli ailə dəyərlərini əks etdirən) filmlər cari il martın 30-dan oktyabrın 1-dək festivalın Təşkilat Komitəsinə (AQUPDK, Hökumət Evi, 4-cü qapı ünvanı) təqdim edilə bilər. Festivala təqdim olunan işlər ictimaiyyətin görkəmli elm, mədəniyyət xadimlərindən və aidiyyəti qurumların nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.