1.JPG
13 iyun 2017

Heydər Əliyev Fondu tərəfindən Pakistanda Ramazan ayı ilə əlaqədar bayram sovqatları təqdim olunub

Heydər Əliyev Fondu tərəfindən Pakistanın Abbotabad bölgəsinin bir sıra kəndlərində Ramazan ayı ilə əlaqədar bayram sovqatları təqdim olunub. Bu aksiya bölgənin dörd yüzdən çox yoxsul ailəsini əhatə edib.

 

Pakistanın Milli Assambleya sədrinin müavini Murtuza Cavid Abbasinin, Assambleyanın bir sıra deputatlarının, ziyalıların, ictimai-siyasi xadimlərin iştirakı ilə keçirilən tədbirdə səfir Əli Əlizadə çıxış edərək Azərbaycan və Pakistan xalqlarını bir-birinə yaxınlaşdıran dini etiqad və ortaq dəyərlərin olduğunu, xalqlarımızın bir-birinin sevincini və kədərini birgə bölüşdüyünü diqqətə çatdırıb. Səfir Azərbaycanla Pakistan arasında əlaqələrin bütün sahələrdə olduğu kimi humanitar-sosial sahədə də inkişaf etdiyini, bu əlaqələrin inkişafında Heydər Əliyev Fondunun rolunu qeyd edib, Fond tərəfindən Pakistanda bir sıra humanitar-sosial yönümlü layihələrin həyata keçirildiyini vurğulayıb.

 

Ə.Əlizadə Heydər Əliyev Fondunun Pakistanda fəaliyyətinin 2005-ci ildə Müzəffərabad şəhərində qızlar məktəbinin tikintisi ilə başlandığını xatırladaraq, ötən on iki il ərzində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Pakistanın müxtəlif əyalətlərində təhsil, səhiyyə, ekologiya, sosial və digər sahələrdə layihələr həyata keçirdiyini deyib. Səfir bu layihələrin iki ölkənin xalqları arasında əlaqələrin, dostluq və həmrəyliyin möhkəmlənməsinə öz tövhəsini verdiyini qeyd edib. Fond tərəfindən Ramazan ayı münasibəti ilə yardım bağlamalarının və sovqatların təqdim olunmasının da bu amala xidmət etdiyini vurğulayıb.

 

Ə.Əlizadə Abbotabad bölgəsinin əhalisini Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından Ramazan ayı münasibətilə təbrik edərək, Pakistanın Milli Assambleyası sədrinin müavini Murtuza Cavid Abbasiyə və digər iştirakçılara təqdim etmə aksiyasına qoşulmalarına görə təşəkkürünü çatdırıb.

 

Tədbirdə çıxış edən Pakistanın Milli Assambleyası sədrinin müavini Murtuza Cavid Abbasi iki qardaş ölkə olan Pakistan və Azərbaycan arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib, bu cür layihələrin xalqlar arasındakı münasibətlərin istiləşməsinə xidmət etdiyini bildirib.

 

Azərbaycana bu il səfərini xatırladan assambleya sədrinin müavini Azərbaycanda həyata keçirilən islahatlar, iqtisadi layihələr haqqında məlumat verərək, Azərbaycanın inkişaf və tərəqqi dövrünü yaşadığının şahidi olduğunu, bunun Pakistan üçün də fəxr olduğunu vurğulayıb. Keçirilən humanitar-sosial yönümlü layihələrə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü çatdıran Pakistanın Milli Assambleyası sədrinin müavini, Ramazan sovqatlarının təqdim olunmasının Abbotabad bölgəsinin yerli əhaləsinin sevincinə səbəb olmaqla yanaşı, onlara mənəvi dəstək olduğunu da bildirib.


FOTO

Paylaş: