006.JPG
30 iyun 2017

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Talassemiya Mərkəzində olub

İyunun 30-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva növbəti dəfə Talassemiya Mərkəzində olub, burada müalicə alanlarla görüşüb.

 

Leyla Əliyeva Talassemiya Mərkəzində irsi qan xəstəliyi olan talassemiyadan əziyyət çəkən həm xəstə uşaqlar, həm də onların valideynləri ilə görüşüb.

 

Mərkəzin fəaliyyəti olduqca böyük əhəmiyyət daşıyır. Çünki bu xəstələrin həyatı, ilk növbədə, onlara hər ay qan köçürülməsindən və hər gün dəmirqovucu preparatların istifadəsindən asılıdır. Bu gün 3 min 10 nəfər talassemiya xəstəsi dispanser qeydiyyatındadır. Onlardan təxminən min nəfəri “Beta Talassemiya-Böyük Forma”, yəni, talassemiyanın ağır formasından müalicə alırlar. 980 nəfərə mütəmadi eritrositar kütlə köçürülür.

 

Mərkəzdə müalicə alanlarla və onların valideynləri ilə görüşən Leyla Əliyeva onlarla söhbət edib, talassemiyalı uşaqların səhhəti ilə maraqlanıb.

 

Heydər Əliyev Fondunun departament direktoru Soltan Məmmədov Fondun Talassemiya Mərkəzinə hər zaman böyük diqqət və qayğı ilə yanaşdığını bildirib.

 

Mərkəzin direktoru Valeh Hüseynov tibb ocağına göstərilən diqqətə görə Mərkəzin kollektivi və müalicə alanların valideynləri adından Leyla Əliyevaya təşəkkürünü bildirib.

 

Leyla Əliyeva Talassemiya Mərkəzində müalicə alan uşaqlara hədiyyələr təqdim edib.

 

Leyla Əliyeva Mərkəzin sümük iliyinin transplantasiyası şöbəsində də olub, burada həkimlərin ciddi nəzarəti altında müalicə alan uşaqlarla maraqlanıb. Şöbədə aparılan diaqnoz və müalicə üsulları barədə məlumat verilib. Leyla Əliyeva xəstələrin müalicəsi üçün bundan sonra da lazımi addımların atılacağını bildirib və uşaqların tezliklə sağalacağına əminliyini ifadə edib.

 

Mərkəzə zəruri tibb avadanlığı, kompüterlər və avtomobil hədiyyə edilib.


FOTO

VİDEO

Paylaş: