DSCN7467.JPG
30 iyul 2017

IX Qəbələ Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi olub

İyulun 30-da Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə keçirilən IX Qəbələ Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi olub.

 

Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin qarşısında quraşdırılan açıq səhnədə keçirilən mərasimdə ölkəmizdə musiqi mədəniyyətinin inkişafında və təbliğində müstəsna rol oynayan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.

 

Məktubda deyilir: “Hörmətli festival iştirakçıları, əziz dostlar!

 

Sizi - IX Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçılarını ürəkdən salamlayır, festivalın işinə uğurlar diləyir, hər birinizə xoş arzularımı çatdırıram. Əsrlər boyu sivilizasiyalararası dialoqun inkişafına öz töhfəsini verən Azərbaycan tarixən xalqlararası birliyin gücləndirilməsinə səy göstərib. Mədəni-mənəvi inteqrasiyanın səmərəliliyini artıran hər bir layihə bizim üçün çox dəyərlidir. Son illər ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər Azərbaycanın təməl prinsiplərinin sülh və humanizm olduğunu bir daha sübut edərək dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq bütün xalqların nümayəndələrini bir araya toplayır.

 

Fərəhləndirici haldır ki, nüfuzu ildən-ilə artmaqda olan Qəbələ Beynəlxalq Musiqi Festivalı da mədəniyyətlərarası dialoqa böyük töhfə verən əhəmiyyətli bir tədbir kimi tanınmaqdadır. Ayrı-ayrı ölkələrdən çoxsaylı musiqiçilərin iştirak etdiyi bu dostluq və musiqi bayramı Azərbaycanın dünyada multikulturalizm və tolerantlığın uğurlu modellərindən biri kimi tanıdılması ilə yanaşı, müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradaraq, sivilizasiyalararası dialoqun möhkəmləndirilməsinə öz töhfəsini verir.

 

Əminəm ki, maraqlı və rəngarəng musiqi proqramının təqdim olunacağı builki festival qonaqlarımızın yaddaşında, Azərbaycan musiqi mədəniyyəti tarixində mənalı səhifələrdən biri kimi qalacaqdır. Festivalda iştirak edən hər kəsə cansağlığı, bütün yaradıcı insanlara tükənməz nailiyyətlər arzulayıram”.

 

Sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin konserti başlayıb. Konsertdə dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası ifa olunub. Orkestri Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət Xadimi, Xalq Artisti, dirijor Cavanşir Cəfərov müşayiət edib. Xorun təqdim etdiyi əsər Əməkdar İncəsənət Xadimi, rejissor Hafiz Quliyevin quruluşunda səhnələşdirilib. Orkestrin solistləri isə tanınmış xanəndələr Gülyaz Məmmədova, Elnur Zeynalov, Arzu Əliyeva, Afaq Ağayeva, Mütəllim Dəmirov, Təyyar Bayramov, Nəzər Bəylərov, Taleh Yəhyayev (bariton) və Cahangir Qurbanov (bariton) olub. İllərin süzgəcindən keçərək öz aktuallığını qoruyub saxlayan “Leyli və Məcnun” operası bu gün də tamaşaçıların alqışları ilə qarşılanıb.


FOTO

Paylaş: