DSCN7657.JPG
3 avqust 2017

IX Qəbələ Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi və son konserti olub

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, “Gilan Holdinq”in dəstəyi ilə keçirilən IX Qəbələ Beynəlxalq Musiqi Festivalı ötən bir həftə ərzində ölkəmizdə əsl musiqi bayramına çevrilməklə dünyanın diqqətini Azərbaycana yönəltdi. Ölkəmizin mədəni həyatında ən önəmli hadisələrdən biri olan bu festival zəngin proqramı və dəyərli qonaqları ilə yadda qaldı. Avropanın və dünyanın ən məşhur musiqiçilərinin ifaları Qəbələnin ecazkar təbiəti ilə ahəng təşkil edirdi.

 

Avqustun 3-də Heydər Əliyev Konqres Mərkəzində təşkil olunan IX Qəbələ Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi və yekun konserti də anşlaqla keçib. Festivalın bağlanış mərasimində Milli Məclis deputatları, xarici ölkələrin ölkəmizdəki səfirləri, dövlət və hökumət nümayəndələri iştirak ediblər.

 

Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov və festivalın bədii rəhbərlərindən biri, “Kiyev virtuozları” Orkestrinin musiqi rəhbəri, İsrailin Yerusəlim Simfonik Orkestrinin dirijoru, dünya şöhrətli violonçel ifaçısı Dmitri Yablonski tədbirdə çıxış ediblər.

 

Sonda səhnə Azərbaycan Dövlət Simfonik Orkestrinin ixtiyarına verilib. Dünya şöhrətli italiyalı dirijor Roberto Molinellinin rəhbərliyi ilə keçən konsertdə orkestri tanınmış Litva musiqiçisi Nomeda Kazlaus (soprano) və hazırda İtaliyada musiqi təhsili alan Azər Rzazadə (tenor) və Məhərrəm Hüseynov (baritone) müşayiət ediblər. Orkestr yüksək sənətkarlıq, fərdi ifa üslubu nümayiş etdirib və tamaşaçılara əvəzsiz təəssüratlar bəxş edib. Konsertdə bəstəkar R.Vaqner, P.İ.Çaykovski, C.Verdi, V.A.Motsart, R.Molinelli, İ.Kalmanın əsərləri səsləndirilib. Festivalın sonuncu konserti mindən çox tamaşaçının iştirakı ilə keçib və gurultulu alqışlarla başa çatıb.


FOTO