07.JPG
6 noyabr 2017

Heydər Əliyev Mərkəzində müasir Çin rəssamlarının sərgisi açılıb

Noyabrın 6-da Bakıda, Heydər Əliyev Mərkəzində müasir Çin rəssamlarının əsərlərindən ibarət “Ulduzlar toplusu” sərgisinin açılışı olub.

 

Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

 

Tədbir Çindən gəlmiş rəqs qrupunun milli rəqsləri təqdim etməsi ilə başlanıb.

 

Mərasimdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Mərkəzin ənənəvi olaraq layihələr həyata keçirməsindən söhbət açıb, budəfəki layihənin müasir Çin incəsənətinə həsr edildiyini bildirib. Bu layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə, xüsusilə Çinin Azərbaycandakı səfiri Vey Cinhuaya və səfirliyin əməkdaşlarına təşəkkür edən A.Ələkbərov sərgidə 20 rəssamın və heykəltəraşın 40-dək əsərinin təqdim edildiyini bildirib. O deyib: “Sərgidə yer alan əsərlərin hər biri nadirliyi ilə fərqlənir. Biz uzun müddətdir ki, Heydər Əliyev Mərkəzində qonaqlarımızı Çin incəsənəti ilə tanış etməyi arzu edirdik. Nəhayət, bu imkan yarandı”. Kolleksiyaçı Con Dodelandı və sərginin kuratoru Ami Barakı səhnəyə dəvət edən A.Ələkbərov Heydər Əliyev Mərkəzinin gələcəkdə gənc kolleksiyaçı ilə bir sıra layihələr həyata keçirəcəyini diqqətə çatdırdı.

 

Con Dodeland Heydər Əliyev Mərkəzində olmaqdan və bu möhtəşəm yerdə çıxış etməkdən məmnun olduğunu bildirərək dedi: “Bu bina nəinki gözəl memarlığı baxımından, həm də burada təşkil edilən sərgilərin keyfiyyəti baxımından bütün dünyada artan nüfuzu ilə seçilir. Artıq bir neçə ildir ki, mən yeni nəsil Çin rəssamlarına dəstək verirəm. Burada olmağımızı, bu sərgini təqdim etmək imkanımızı yüksək dəyərləndirirəm. Həmin rəssamlar öz zəmanəsinin ən istedadlı və yenilikçi rəssamları sırasındadırlar. Onlar əvvəlki nəslə bir növ çağırış olan valehedici sənət üslubu ilə seçilən güclü avanqard əsərləri sahəsinə öz dünyagörüşünü gətirdilər. Bu, olduqca bənzərsiz bir addımdır”.

 

Sərginin kuratoru Ami Barakla xüsusi əməkdaşlıq etdiyini diqqətə çatdıran kolleksiyaçı onu da vurğuladı ki, sərhədsiz incəsənətlə bağlı eyni duyğu ətrafında bir çox insanları bir araya gətirmək mümkündür. “İpək Yolunun uzun tarixi baxımından Heydər Əliyev Mərkəzi ilə gənc rəssamlar arasında bu təmas həqiqətən əhəmiyyətlidir. Çünki qədim ənənələrlə müasirliyin qovuşduğu bir yerdə tamamilə yeni İpək Yolu salınmaqdadır. Ümid edirəm ki, siz yeni rəssamların əsərlərinin sərgiləndiyi “Ulduzlar toplusu”nu yüksək dəyərləndirəcəksiniz və burada iştirak edən hər bir rəssam həmin ulduz toplusunun bir hissəsidir. Ulduz toplusu dedikdə, mən məhz incəsənət aləminin sabah böyük ulduzları olacaq bu gəncləri nəzərdə tuturam. Onlar öz gücləri, öz dünyagörüşü ilə qlobal bir hərəkatın bir hissəsinə çevriləcəklər”, - Con Dodeland deyib. O vurğulayıb ki, bu sərgi vasitəsilə Şanxay, Pekin və Bakı arasında bir çox əməkdaşlıq formalarının əsası qoyulacaq. Kolleksiyaçı Azərbaycan rəssamlarının da Çinə dəvət ediləcəyinə ümidvar olduğunu söyləyib və sərginin təşkilində göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

 

Layihənin kuratoru Fransada və digər ölkələrdə bir sıra sərgilərin təşkilatçısı olmuş Ami Barak mərasimdə çıxış edərək Heydər Əliyev Mərkəzində olmaqdan məmnunluq hissi duyduğunu bildirib. Sərginin əvvəlcə Tbilisidə nümayiş etdirildiyini qeyd edən kurator deyib: “Bizim arzumuz idi ki, bu sərgini məhz Bakıya gətirək. Nəhayət, bu gün arzumuz reallığa çevrildi. Bu, səyyar sərgidir və o deməkdir ki, biz bu yolla irəliləyərək bu istiqamətdə addımlarımızı davam etdirəcəyik. Əslində bu sərgi bizim böyük layihəmizin bir hissəsidir. Hər hansı ticari münasibətlərə gəldikdə, burada sırf malların və ya əmtəənin ticarətindən söhbət getmir, həmçinin mədəniyyət mübadiləsi də baş verir. Bu sərgi çərçivəsində biz olduqca istedadlı, zəngin biliyi olan bacarıqlı rəssamların əsərlərini təqdim edirik. Onlar öz zəkası ilə seçilən rəssamlardır ki, artıq beynəlxalq məkanda da öz yerlərini tutublar və gündən-günə mövqelərini daha da gücləndirirlər. Biz onların əsərlərini burada sərgiləməkdən şərəf duyuruq”.

 

“Ulduzlar toplusu” sərgisi müasir Çin incəsənəti, bu ölkənin mədəniyyətindəki yeni çalarlarla yaxından tanışlıq imkanı yaradır.

 

Sonra qonaqlar sərgi ilə tanış oldular.

 

Ekspozisiya Heydər Əliyev Mərkəzində 2018-ci il fevralın 1-dək davam edəcək.


FOTO

VİDEO

Paylaş: