1.jpg
3 mart 2005

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfirlərinin illik iclasında iştirak edib

UNESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban Əliyeva xoşməramlı səfirlərin illik iclasında iştirak etmək üçün Fransa paytaxtına gəlib.


Martın 3-də iclas öz işinə başlayıb. UNESCO-nun iqamətgahında Mehriban Əliyevanı təşkilatın baş direktoru Koiçiro Matsuura və digər rəsmi şəxslər qarşılayıblar.


Baş direktor iclası açaraq, son bir ildə iki nəfərin xoşməramlı səfir adına layiq görüldüyünü xatırlatdı. Xoşməramlı səfir adına layiq görülmüş Mehriban Əliyevanın ölkəmizdəki fəaliyyətindən məlumat verən K. Matsuura bildirdi ki, o, 1995-ci ildən qeyri-hökumət təşkilatı olan Azərbaycan Mədəniyyətinin Dostları Fonduna rəhbərlik etməklə yanaşı, mədəni irsin qorunması, 2003-cü ildə UNESCO-nun bəşəriyyətin mədəni irs siyahısına daxil etdiyi muğamların təbliği və zəngin Azərbaycan musiqisinin inkişafı sahəsində xüsusi xidmətlər göstərib, Xoşməramlı səfir kimi mədəni irsin qorunub saxlanmasına dair Konvensiyanın təqdimatı ilə bağlı ötən ilin dekabr ayında Kazan şəhərində keçirilmiş tədbirdə iştirak edib. Baş direktor son zamanlar Mehriban Əliyevanın xəstə və valideyn himayəsindən məhrum uşaqlara göstərdiyi qayğını yüksək qiymətləndirdi.


Sonra Koiçiro Matsuura dünyanı təhdid edən hadisələrə xoşməramlı səfirlərin göstərdiyi münasibətdən, xüsusilə QİÇS kimi təhlükəli xəstəlikdən əzab çəkən xəstələrə onların köməyindən söhbət açdı, rəhbərlik etdiyi qurumun təhsil sahəsində BMT ilə əlaqəsindən ətraflı danışdı və UNESCO-nun tədrisin keyfiyyətini daim diqqət mərkəzində saxladığını vurğuladı.


Baş direktor bildirdi ki, Cənub-Şərqi Asiyadakı dağıdıcı sunami zamanı valideynlərini itirmiş uşaqlara qayğı göstərmək məqsədi ilə UNESCO xüsusi layihə hazırlayıb. K. Matsuura İraq və Əfqanıstanda müharibələr nəticəsində tarixi abidələrin dağılmasından narahatlığını ifadə etdi, mədəniyyətin inkişafına göstərdikləri xidmətlərinə görə bir çox xoşməramlı səfirə, o cümlədən Mehriban Əliyevaya təşəkkürünü bildirdi.


UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva iclasda çıxış etdi.


Mehriban xanım Əliyevanın çıxışı çox maraqla dinlənilmiş və sürəkli alqışlarla qarşılanmışdır.


Digər xoşməramlı səfirlər də gördükləri işlər barədə məlumat verdilər, QİÇŞ xəstəliyinin yayılmasından narahatlıqlarını bildirdilər, UNESCO tərəfindən həyata keçiriləcək tədbirlərə münasibətlərini bildirdilər və təkliflərini səsləndirdilər.


Türkiyənin xoşməramlı səfiri ermənilər tərəfindən uydurulmuş "soyqırım"ı bir çox ölkələrin tanımasından narahatlığını xüsusi vurğuladı, UNESCO xətti ilə bu məsələnin araşdırılmasına dünyanın tanınmış tarixçi alimlərinin cəlb olunmasını xahiş etdi.


İclasın gedişində sunami faciəsi, Əfqanıstanda taliblər tərəfindən buddizmə məxsus tarixi abidənin dağıdılması, ərəb dünyasının musiqisi, adət və ənənələrini əks etdirən, Afrika ölkələrində içməli su problemindən, uşaqlar arasında savadsızlıqdan bəhs edən sənədli filimlər göstərildi.


Sonra UNESCO-nun baş direktoru Koiçiro Matsuura xoşməramlı səfirlərlə xatirə şəkli çəkdirdi və onların şərəfinə ziyafət verdi.


Azərbaycan Prezidentinin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə və ölkəmizin UNESCO-dakı səfiri Eleonora Hüseynova da iclasda iştirak ediblər.


FOTO