0.JPG
10 iyun 2005

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Zaqrebdəki mərkəzi uşaq evində olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasına rəsmi səfəri çərçivəsində Mehriban xanım Əliyeva üçün ayrıca proqram tutulmuşdu.


İyunun 10-da Mehriban xanım Əliyevanın Xorvatiya Prezidentinin xanımı Milka Mesiç ilə görüşü oldu. Dövlət başçılarının xanımları mədəniyyət, onun ayrılmaz qolu olan folklor sənətinin təbliği və bu sahədə əməkdaşlıq, habelə səhiyyə, kimsəsiz və əlil uşaqlara dövlət qayğısı məsələləri barədə fikir mübadiləsi etdilər.


YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva həmin gün Zaqrebdəki mərkəzi uşaq evinə də gəldi. Uşaq evinin müdiriyyəti və burada tərbiyə alan balacalar Azərbaycan Prezidentinin xanımını böyük səmimiyyətlə qarşıladılar. Hörmətli qonağa məlumat verildi ki, dövlət himayəsinə götürülmüş 120 əlil və kimsəsiz uşağın təlim-tərbiyəsi, hərtərəfli inkişafı üçün burada hər cür şərait yaradılmışdır.


Mehriban xanım Əliyeva bu uşaq müəssisəsinin kollektivinə nəcib və xeyirxah işlərində uğurlar dilədi, eyni zamanda, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkəmizdə uşaq evləri və internat məktəblərinin problemlərinin həlli, gənc vətəndaşlarımızın sağlamlığının qorunması sahəsində həyata keçirdiyi proqramlar haqqında məlumat verdi.


YUNESKO-nun xoşməramlı səfiri adından xorvatiyalı uşaqlara hədiyyələr təqdim olundu.


Mehriban xanım Əliyeva uşaq evinin müdiriyyəti və uşaqlarla xatirə şəkli çəkdirdi.


FOTO