19 iyun 2005

Heydər Əliyev Fondunun nümayəndələri Gəncə və Goranboyda olublar

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Fondun nümayəndələri iyunun 19-da Gəncə şəhərində və Goranboy rayonunda olmuşlar.


Gəncədə 1975-ci ildən fəaliyyət göstərən əqli cəhətdən qüsurlu uşaqlar üçün 45 nömrəli xüsusi məktəb 315 şagirdi əhatə edir. Bunlardan 235 nəfəri evdə məşğul olur. Fondun nümayəndələri məktəbə 5 ədəd əlil arabası, mikroavtobus təqdim etdilər. Bunlar məktəblilərin və valideynlərin Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciəti əsasında göndərilmişdir. Məktəbin kollektivi və valideynlər göstərilən diqqət və qayğıya görə Mehriban xanıma təşəkkürlərini bildirdilər.


Gəncədəki uşaq evinə də Fondun adından mikroavtobus təqdim olundu. Azərbaycan Prezidenti İlham Əliyevin Gəncəyə və Goranboya səfəri zamanı Mehriban xanım Əliyeva bu uşaq evində olarkən ona müraciət edərək, mikroavtobus ayrılmasını xahiş etmişdilər. Heydər Əliyev Fondunun bu hədiyyəsi uşaq evinin sakinlərinin hədsiz sevincinə səbəb oldu.


Daha sonra Fondun nümayəndələri Goranboy rayonuna gəldilər. Onlar rayon mərkəzindəki Rəsul Ağakişiyev adına internat məktəbində Dünya Bankının krediti hesabına aparılan təmir-bərpa işləri ilə tanış oldular, bu təlim-tərbiyə ocağına kompüter və printerlər hədiyyə etdilər. Fondun əməkdaşları uşaqların kompüterdən istifadə vərdişlərinə yiyələnməsi ilə də maraqlandılar.