29 fevral 2008

Azərbaycanın zəlzələdən zərər çəkmiş şagirdlərə dəstəyi

İslamabadda ingilis dilində çıxan nüfuzlu “The Pakistan Observer” qəzetində Raca Əmir Mahmud Battinin Heydər Əliyev Fondunun inşa etdirdiyi məktəb haqqında “Azərbaycanın zəlzələdən zərər çəkmiş şagirdlərə dəstəyi” sərlövhəli məqaləsi dərc olunmuşdur.


Məqalənin ölkəmizin İslamabaddakı səfirliyindən alınmış mətnini oxuculara təqdim edirik.

 

Təxminən beş yüz il öncə Bakı hökmdarları o zaman Şərq və Qərbin qovuşuğunda, məşhur İpək yolunun üstündə yerləşən Azərbaycana səfər edən Multan tacirləri üçün karvansara – Multan karvansarası inşa etdirmişdi. O vaxtlar Multandan olan tacirlər bu günədək adını qoruyub saxlamış karvansarada qalaraq, buranın əvəzolunmaz qonaqpərvərlik imkanlarından istifadə edirdilər. Bakıda tarixən çox məşhur olan Multan karvansarasının adı indi də dillər əzbəridir və o, əsrlər boyu iki xalqın əlaqələrinin şahidi olmuş dəyərli mədəni və tarixi irs kimi Azərbaycan hökuməti tərəfindən mühafizə edilir. Azərbaycanda əgər bir nəfər çox dolaşıq danışırsa, ona zarafatyana söz atırlar ki, “Multanı dilində danışır”.


Belə qədim ənənələri günümüzün müasir inkişafı ilə özündə birləşdirən Azərbaycan Respublikası Xəzər dənizinin qərb sahilində yerləşir. Bu ölkə özünün insanları, zəngin təbii sərvətləri və tarixi ilə fərqlənir. Azərbaycanın ərazisi 86,6 min kvadratkilometr, əhalisi 8,5 milyondan bir qədər artıqdır. Bu ölkə Rusiya, İran, Türkiyə, Gürcüstan və Ermənistanla həmsərhəddir. Azərbaycanın coğrafi mövqeyi onun qədim tarixi əhəmiyyətə malik olduğundan xəbər verir. Təbiət bu ölkəyə zəngin sərvətlər, xüsusilə neft bəxşiş etmişdir. Azərbaycanın paytaxtı Bakını çox vaxt “Neft paytaxtı” adlandırırlar.


Pakistan və Azərbaycan zəngin dini və mədəni əlaqələrə malikdir. Pakistan mədəniyyəti özünün dili, ədəbiyyatı, mətbəxi, ailə qurma mərasimləri, dini və mənəvi dəyərləri ilə Mərkəzi Asiyanın güclü təsiri altında formalaşmışdır. Hələ qədim zamanlardan bu bölgənin adamları sıx mədəni tellərlə bağlı olmuşlar. Pakistanın filosof şairi Əllamə Məhəmməd İqbalın poeziyası Azərbaycanda məşhurdur və Bakı Dövlət Universitetində urdu dili bölümü fəaliyyət göstərir. Bu bölümdə təhsil alan tələbələr yalnız urdu dilini öyrənməklə kifayətlənmir, həm də Əllamə İqbalın poeziyasını və fəlsəfi görüşlərini öyrənir, onun irsi barədə tədqiqatlar aparırlar.


Azərbaycanın müstəqilliyini ilk tanıyan və Bakıda öz səfirliyini təsis edən ölkələrdən biri olan Pakistan beynəlxalq müstəvidə Azərbaycanı daim dəstəkləmişdir. Azərbaycan xalqı və onun rəhbərləri Pakistanın səmimi münasibətlərini daim yüksək qiymətləndirmiş və qarşılıqlı xoş münasibət nümayiş etdirmişlər.


Pakistan və Azərbaycan arasında sıx münasibətlər hələ 90-cı illərin əvvəlində, Azərbaycanın mərhum Prezidenti, Pakistanın həqiqi dostu, dahi siyasətçi Heydər Əliyev tərəfindən qoyulmuşdu. Xoşbəxtlikdən, bu münasibətlər illər ərzində daha da möhkəmlənərək, yüksələn xətlə inkişaf etmişdir.


2005-ci il oktyabrın 8-də Pakistan görünməmiş dağıdıcı zəlzələ ilə üzləşdi və bu fəlakət Azad Kəşmir vilayətinin böyük bir hissəsini viranə qoydu. Kifayət qədər uzun davam edən zəlzələnin gücü 7,6 bal idi. Bu fəlakət nəticəsində təxminən 98 kvadratkilometr ərazi, demək olar ki, yerlə-yeksan oldu. Yetmiş min insan həyatını itirdi, minlərlə kilometr yol tamamilə yararsız hala düşdü. Yüzlərlə məktəb uçaraq, minlərlə şagird və müəllimin məzarına çevrildi, elektrik, su, qaz xətləri, xəstəxanalar dağıldı. Fəlakətin vurduğu ziyan milyardlarla dollar həcmində ölçülürdü. Bu fəlakət sunamidən də faciəli idi. Sunami zamanı xilasetmə daha əlverişli şəraitdə aparılır, burada isə vəziyyət tamamilə fərqli idi. Pakistan o günədək belə miqyasda faciə ilə üzləşməmişdi, belə fəlakətlə mübarizə üçün hökumətin nə avadanlığı, nə də təcrübəsi var idi.


Belə çətin gündə bütün dünya, xüsusən də müsəlman ölkələri Pakistanın köməyinə yetişdi. Bu baxımdan Azərbaycanın köməyi xüsusi qeyd olunmalıdır. Azərbaycan müstəqilliyini yeni əldə etmiş ölkədir və torpaqlarının 20 faizi Ermənistanın işğalı altındadır. Bu işğal nəticəsində bir milyondan çox azərbaycanlı öz evlərini tərk etmək məcburiyyətində qalmışlar və qaçqına çevrilərək bu gün də ölkənin müxtəlif yerlərində çətin şəraitdə yaşayırlar. Lakin pakistanlı qardaşlarının başına gələn müsibəti eşitdikdə, Azərbaycan xalqı özünün çətinliklərinə baxmayaraq, dost xalqın dərdinə şərik çıxmışdır. Azərbaycanın hökuməti və xalqı belə dar gündə pakistanlı qardaşlarına köməyə yetişdi. Zəlzələnin növbəti günü Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycandan qırx həkim, xeyli dərman, avadanlıq və təlim keçmiş xilasedici dəstəni gətirən xüsusi təyyarə göndərildi. Elə həmin gün də Azərbaycan heyəti Balakotun çox zərər çəkmiş yerlərində işə başladı. Azərbaycan hökuməti zəlzələnin ilk günündə ən zəruri ehtiyacları üçün Pakistana 1,5 milyon dollar həcmində pul yardımı etdi. Bu faciəvi zamanda Azərbaycan xalqı çox təqdirəlayiq iş gördü. Xalq özü gündəlik istifadədə tələb olunan şeyləri toplayaraq Pakistana göndərdi. Azərbaycan xalqı pakistanlı qardaşlarına qarşı şəfqət və qayğı nümayiş etdirdi. Zəlzələdən sonra Pakistan Prezidentinin çağırdığı donor konfransında Azərbaycan ən yüksək səviyyədə iştirak etdi və Baş nazirin birinci müavini Yaqub Eyyubovu konfransa göndərdi.


Zəlzələnin dağıdıcı təsirinin qurbanı ən çox uşaqlar olmuşdular. Bu amili nəzərə alaraq, Azərbaycanın çox məşhur qeyri-hökumət xeyriyyə təşkilatı olan Heydər Əliyev Fondu Pakistan şagirdləri üçün müasir orta məktəb inşa etdirməyi qərara aldı. Heydər Əliyev Azərbaycanın ümummilli lideridir və bu Fond onun əziz xatirəsinə yaradılmışdır. Pakistanın Zəlzələdən Yenidənqurma və Canlandırma Müdiriyyəti (ERRA) zərər çəkmiş ərazidə yenidənqurma işlərinin məsuliyyətini öz üzərinə götürmüşdü. O, Müzəffərabad şəhərinin Rara qəsəbəsində tamamilə yerlə-yeksan olmuş Qızlar üçün hökumət orta məktəbinin tikilməsi məqsədi ilə Heydər Əliyev Fonduna layihələr təqdim etdi. Adi şərtlər altında məktəbin inşası elə də böyük zəhmət tələb etməzdi. Lakin ərazinin mürəkkəb relyefi və çətin hava şəraiti bu işin çox əziyyətli olmasına səbəb olurdu. Yolların dağılması ucbatından inşaat materiallarının sahəyə çatdırılması da çətinlik yaradırdı. Məktəb əsas avtomobil yolundan az qala bir kilometr aralıda, təpədə yerləşirdi. Materialların inşaat meydançasına çatdırılması üçün əvvəlcə oraya yol çəkilməli idi.


Qızlar üçün orta məktəb inşa edilməsi üçün layihə seçimi özü də çox məsuliyyətli iş idi. Layihəni qısa zamanda hazırlayan Fond cəmiyyətin inkişafı üçün ən vacib amillərdən olan qadınların təhsili vasitəsilə xalqın inkişafına daha bir imkan vermiş oldu. Təhsilli qadın xalqın zəngin sərvətinə çevrilə biləcək bir uşaq anasıdır.


Məktəbin inşasına 2007-ci ilin iyun ayında başlandı və çox qısa hesab edilə biləcək altı ay müddətində başa çatdırıldı. İşin təyin olunmuş vaxtından tez görülməsi Fondun çox böyük uğurunun göstəricisidir.


Azərbaycan Respublikası Milli Məclisinin aqrar siyasət daimi komissiyasının sədri, Azərbaycan-Pakistan parlamentlərarası dostluq qrupunun rəhbəri Eldar İbrahimov və Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov 2008-ci ilin fevralın 9-da məktəbi təntənəli surətdə tələbələrə təqdim etdilər.


Məktəbin inşası, ümumilikdə, 750 min ABŞ dollarına başa gəlmişdir. İkimərtəbəli binada on geniş sinif otağı, iki laboratoriya, kitabxana, kompyuter otağı, böyük akt salonu, yeməkxana və s. vardır. Məktəb bütün zəruri müasir avadanlıqla təchiz olunmuşdur.


Tikintinin on addımlığında torpağın üstündə açıq səma altında dərs keçən və səbirsizliklə işlərin qurtarmasını gözləyən şagirdlərin və müəllimlərin, habelə valideynlərin, Azad Kəşmir vilayətinin yüksək səviyyəli rəsmilərinin, Azərbaycanın Pakistandakı səfirliyinin nümayəndələrinin və başqalarının iştirakı ilə təntənəli şəkildə məktəbin açılışı elan edildi.


Heydər Əliyev Fondu özünün Təhsilə yardım proqramı çərçivəsində son üç il ərzində Azərbaycanda 200-dən artıq məktəb inşa etdirmişdir. Kəşmirdə inşa edilən bu məktəb isə Fondun Azərbaycandan kənarda həyata keçirdiyi ilk belə layihə idi və onun rəhbərliyinin yüksək səyi və çalışqanlığı ilə başa çatdırıldı. Layihənin uğurla başa çatdırılmasına görə ən böyük ehtiram Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevayadır.


Ədəbiyyata, poeziyaya, milli musiqiyə, təhsilə, səhiyyəyə və digər sosial sahələrə qayğısına görə 2004-cü ildə Mehriban xanım Əliyevaya UNESCO-nun xoşməramlı səfiri adı verilmişdir. Yüksək təcrübəli həkim olan Mehriban Əliyeva 1995-ci ildən bəri Azərbaycan mədəniyyətinin qorunması və inkişafı uğrunda səylər göstərir. O, Azərbaycan milli musiqisinin qorunması və beynəlxalq aləmdə tanıdılması məqsədi ilə Bakıda Muğam Mərkəzi yaradır. Həmçinin xeyriyyə işlərində də böyük iltifat nümayiş etdirmişdir.


Məktəbin açılış mərasimində çıxış edən Azərbaycanın Pakistandakı səfiri Eynulla Mədətli ölkəsinin, xüsusilə Heydər Əliyev Fondunun Pakistanda bərpa işlərinə yardımının davam etdiriləcəyinə inamını ifadə etmişdir. O, həmçinin gözlənilən əməkdaşlıq planlarına musiqi məktəbi layihələri, müəllimlərin təlimi kimi fikirlərin daxil olduğunu da bildirmişdir.


Pakistan xalqı ölkədə baş vermiş zəlzələnin ağır nəticələrini yüksək səviyyələrdə müzakirəyə çıxardığına və Parisdə UNESCO-nun qərargahında Pakistanda bərpa işlərini təşviq edərək, xüsusi təqdimatla çıxış etdiyinə görə də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya sonsuz təşəkkürünü ifadə edir.


Biz tam əminik ki, gün gələcək, Heydər Əliyev Fondunun bağışladığı Rara hökumət qızlar məktəbinin məzunu olacaq qızlar öz bilikləri, savadları ilə Pakistan və Azərbaycan arasında mövcud olan dostluğa töhfələrini verəcəklər.