15 yanvar 2014

Heydər Əliyev Fondu Budapeştdə əlil uşaqların reabilitasiya mərkəzi üçün yeni korpus inşa edəcək

Heydər Əliyev Fondu Macarıstanın paytaxtı Budapeştdə əlil uşaqlar üçün uşaq evi, uşaq bağçası və ibtidai məktəbi özündə birləşdirən mərkəzin yeni korpusunu inşa edəcək.

 

Mərkəz 1982-ci ildə Macarıstan Katolik Kilsəsi tərəfindən əlil insanlara qayğı məqsədilə yaradılıb.

 

Uşaq tərbiyə müəssisəsinə görmə, hərəkət və ünsiyyət qüsurlu, fiziki imkanları məhdud uşaqlar qəbul edilirlər. Onlar burada təhsillə yanaşı, müalicə alır, müxtəlif təlimlər vasitəsilə hərəkət qabiliyyətlərini, fərdi bacarıqlarını artırır, peşə vərdişlərinə yiyələnirlər.

 

2800 kv. metr sahəsi olan müəssisə 1994-cü ildə əsaslı təmir edilib.

 

Heydər Əliyev Fondunun dəstəyi ilə yanvarın 16-da mərkəzdə 18 yaşdan yuxarı reabilitasiya keçmiş uşaqlar üçün əlavə korpusun təməli qoyulacaq. 30 çarpayılıq 5 mərtəbəli yataqxana tipli korpusun ümumi sahəsi 1385,26 kv. metrdir. Layihəyə əsasən, binada məşğələ, istirahət və yataq otaqları, mətbəx və bir ədəd lift olacaq.

 

Təməlqoyma mərasimində Macarıstan Baş naziri aparatının xarici siyasət məsələləri və xarici iqtisadi əlaqələri üzrə Dövlət katibi, Azərbaycan-Macarıstan hökumətlərarası iqtisadi komissiyasının həmsədri Peter Siyarto, Heydər Əliyev Fondunun nümayəndəsi və Azərbaycanın Macarıstandakı səfirliyinin əməkdaşları iştirak edəcəklər.