10 noyabr 2007

Ali məktəblər arasında informatika fənni üzrə ümumrespublika olimpiadası keçiriləcəkdir

Heydər Əliyev Fondu, Rabitə və İnformasiya Texnologiyaları, Təhsil nazirlikləri və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu Azərbaycanda telefon rabitəsinin yaradılmasının 125 illiyi münasibətilə ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadası keçirəcəklər.

 

Təhsil Nazirliyindən bildirmişlər ki, 2 mərhələdən ibarət olimpiadada ölkəmizin ali məktəb tələbələrindən təşkil olunan komandalar və müsabiqədənkənar məktəblilərdən ibarət yığma komandalar iştirak edəcəklər. Olimpiadanın birinci seçmə mərhələsində balların 30 faizini toplamış komandalar final mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

 

Bu olimpiada tələbələrə məsələlərin həll edilməsində və proqramlaşdırmada, həmçinin komandada işləmək bacarığını üzə çıxarmaqda yardımçı olmaqla yanaşı, kompyuter üzrə mütəxəssislərə təcrübə toplamağa və ustalıqlarını yaxşılaşdırmağa kömək edəcəkdir. Eyni zamanda, olimpiada informatika üzrə beynəlxalq komanda yarışlarının yarımfinalında iştirak etmək üçün komandanın seçilməsinə və hazırlanmasına da imkan yaradacaqdır.

 

Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun Tədris Mərkəzində keçiriləcək bilik yarışmasından əvvəl iştirakçılar təlimatlandırılacaq və onlar kompyuterlərlə, test proqramları ilə tanış olacaqlar.

 

Olimpiadanın birinci mərhələsi noyabrın 11-də, final mərhələsi isə 18-də keçiriləcəkdir.