27 oktyabr 2011

Azərbaycan ilə YUNESKO arasında Haitinin zəlzələdən sonra mədəniyyət sektorunun bərpa edilməsi məqsədi ilə maliyyə yardımı ilə bağlı saziş imzalanıb

Oktyabrın 27-də YUNESKO-nin Baş Konfransının 36-cı sessiyası çərçivəsində Azərbaycan ilə YUNESKO arasında Haitinin zəlzələdən sonra mədəniyyət sektorunun bərpa edilməsi məqsədi ilə maliyyə yardımı ilə bağlı saziş imzalanmışdır. Sazişə əsasən Azərbaycanın birinci xanımı, YUNESKO -nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə 50 min ABŞ dolları məbləğində maliyyə yardımı Haitinin Jakmel şəhərinin tarixi hissəsində yerləşən mədəni obyektlərin bərpasına sərf ediləcəkdir. Layihənin icrasına cari ilin dekabrında başlamaq və altı aya sona çatdırmaq nəzərdə tutulur.


Sazişi YUNESKO tərəfindən qurumun baş direktorunun strateji planlaşdırma üzrə müavini Hans Dorvil, Azərbaycan tərəfindən isə YUNESKO yanında daimi nümayəndə, səfir Eleonora Hüseynova imzalamışlar.


İmzalanma mərasimində Haitinin mədəniyyət naziri, Milli Məclisin deputatı B.Əliyev, Azərbaycan Respublikasının YUNESKO  üzrə Milli Komissiyasının baş katibi G.Əfəndiyeva, YUNESKO-nun aidiyyəti bölmələrinin nümayəndələri, Haiti və Azərbaycanın daimi nümayəndəliklərinin təmsilçiləri və mətbuat nümayəndələri iştirak etmişlər.