14188199422459844214_750x500.jpg
17 dekabr 2014

“Ağacların kəsilməsinə yox!” proqramının 6 aylıq hesabatı dərc olunub

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və IDEA tərəfindən həyata keçirilən “Ağacların kəsilməsinə yox!” proqramının 6 aylıq hesabatı dərc olunub.

 

Bu proqrama əsasən, qanunsuz ağac kəsilməsi halları ilə rastlaşan vətəndaşlar “Təbiətə təcili yardım” qaynar xətti (bütün mobil operatorlardan və şəhər nömrələrindən - 1113) vasitəsilə şikayətlərini IDEA İctimai Birliyinə çatdırırlar. Daxil olan şikayətlər əsasında hadisə yerinə yollanan IDEA-nın xüsusi mobil qrupu hadisəni yerində araşdırır, qanun pozuntusu barədə əlavə sübutlar, foto və video materiallar toplayaraq, müvafiq dövlət qurumları ilə birlikdə lazımi tədbirlər görür.

 

2014-cü ilin 6 ayı ərzində qanunsuz ağac kəsilməsi halları ilə bağlı IDEA-ya Bakı və Sumqayıtdan ümumilikdə 78 müraciət daxil olub. IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hər bir müraciətə ayrı-ayrılıqda baxılıb, faktlar müvafiq qaydada sənədləşdirilib. Kəsilmiş ağaclarla bağlı şikayətlər haqda geniş məlumat, eləcə də hadisə yerində çəkilmiş fotoşəkillər və rəsmi qurumlardan daxil olmuş sənədlər anket formasında hazırlanaraq, IDEA İctimai Birliyinin internet səhifəsində  (http://ideacampaign.org/first_aid_to_the_nature/) yerləşdirilib.

 

Aşkar edilmiş faktlar üzrə qanun pozuntusuna yol vermiş fiziki və hüquqi şəxslərə qarşı aidiyyəti qurumlar tərəfindən akt və protokollar tərtib olunaraq inzibati cərimələr tətbiq edilib, zəruri tədbirlərin görülməsi üçün şəhər, rayon icra hakimiyyətlərinin müvafiq qurumlarına, hüquq mühafizə orqanlarına rəsmi müraciətlər göndərilib.


“Ağacların kəsilməsinə yox!” proqramının 6 aylıq hesabatı ilə http://ideacampaign.org/az/6_aylıq_hesabat.html internet səhifəsində tanış olmaq mümkündür.


FOTO