85b133e9ed213781a6fb4d9cb9fa71ae.jpg
24 noyabr 2015

Qala qəsəbəsində tullantılar fərqli texnologiya ilə yığılır

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC-nin həyata keçirdiyi “Təmiz Qala” pilot layihəsi çərçivəsində Bakının Qala qəsəbəsində tullantıların toplanması fərqli üsulla aparılır. Məişət tullantıları əhalinin də iştirakı ilə çeşidlənərək yığılır, tullantıların yığılması və daşınması prosesində son texnologiyadan istifadə olunur.

 

Qalada küçələrə göy və yaşıl rəngli tullantı qutuları yerləşdirilib ki, əhali məişət tullantılarını 2 yerə bölərək üzvi (qida) tullantılarını bir, qeyri-üzvi (qeyri-qida) tullantıları digər rəngdəki qutulara atır. Həmin qutuları da yalnız uyğun rəngdəki tullantı avtomobilləri ayrı şəkildə yığaraq “Təmiz Şəhər” ASC-nin Balaxanıda yerləşən tullantıların çeşidlənməsi zavoduna daşıyır. Bu cür çeşidlənərək yığılan tullantının təkrar emal zamanı məhsuldarlığı daha çox olur.

 

Bundan əlavə, “Təmiz Qala” layihəsi çərçivəsində qəsəbədə dispetçer xidməti və loqistika və planlaşdırma mərkəzi yaradılıb. Mərkəzdə meydançaların və konteynerlərin yerini elektron xəritədə qeyd edən, optimal marşrutları təmin və idarə edən, təhlillər aparan və hesabatlar tərtib edən “Route Optimisation by Tamiz Shahar” xüsusi proqram təminatından və avtomaşınların marşrutlarla hərəkətlərini canlı izləmək və tarixçəsinə baxmaq üçün GPS İzləmə Sistemindən istifadə edilir.

 

Qeyd olunan texnika vasitəsilə “Təmiz Şəhər” ASC Qalada meydançalarda əmələ gələn tullantıların illik, rüblük və aylıq, həmçinin fəsillərə uyğun daşınmasını planlaşdırır. Həm bu proqramlar, həm mümkün ani dəyişikliklər barədə məlumat tullantı avtomobillərində quraşdırılmış planşetlərə ötürülür və sürücülər həmin məlumat əsasında hərəkət edirlər. Həmçinin, sürücülər də qarşılaşdığı hər hansı problemləri kabinələrdəki GPS-danışıq sensorları ilə dispetçerə ötürə bilir.

 

“Təmiz Şəhər” ASC bu sistemlə Qalada tullantıların toplanması və daşınmasına hərtərəfli və interaktiv nəzarəti təmin edir. Marşrutun optimallaşdırılması işçi heyətinin düzgün paylanmasına və yanacağın sərfəli istifadəsinə şərait yaradır.

 

Tullantıların daşınmasına peşəkar nəzarətin artırılması məqsədi ilə qaynar xətt telefon xidməti də istifadəyə verilib. Artıq qəsəbə sakinləri 464-42-42 nömrəsi ilə əlaqə saxlayaraq tullantı ilə bağlı qarşılaşdıqları istənilən məsələnin dərhal həllinə nail ola biləcəklər.