01_serbiya-prezidenti-rasmi-safar-fond-tanishliq.jpg
8 fevral 2013

Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliç və xanımı Dragitsa Nikoliç Heydər Əliyev Fondunda olublar

Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliç və xanımı Dragitsa Nikoliç fevralın 8-də Heydər Əliyev Fondunda olublar.


Qonaqları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşıladılar.


Ali qonağa və xanımına Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verildi. 


Bildirildi ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.


Tomislav Nikoliç və xanımı ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış oldular.


Qonaqlar Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldular, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə baxdılar. 


Serbiyanın Prezidenti Tomislav Nikoliç Fondla tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazdı. 


Ali qonağa Heydər Əliyev Fondunun hədiyyəsi təqdim olundu. 


Serbiyanın Prezidenti Tomislav Nikoliç və xanımı Heydər Əliyev Fondundan zəngin təəssüratla ayrıldılar.


FOTO

VİDEO