01_NIDERLAND - XOCALI SOYQIRIMI - ABIDA .JPG
24 fevral 2008

Niderlandın Haaqa şəhərində Avropada Xocalı faciəsinə həsr edilmiş ilk abidə ucaldılıb

Fevralın 24-də Haaqada Niderlandda fəaliyyət göstərən Holland-Azərbaycan Türk Dərnəyinin təşəbbüsü və Azərbaycan Respublikasının Niderlanddakı səfirliyi, Azərbaycan Respublikasının Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı soyqırımı şəhidlərinə həsr olunan ilk abidənin, diaspor təşkilatlarının toplantısı və rəsm sərgisinin açılış mərasimi keçirilmişdir.

 

Tədbirdə Azərbaycan Respublikasının Niderlanddakı səfiri Fuad İsgəndərov, Azərbaycan Respublikasının Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti, Niderlandda fəaliyyət göstərən bütün Azərbaycan və türk diaspor təşkilatlarının fəalları, Avropanın digər ölkələrindən gəlmiş soydaşlarımız, Haaqada akkreditə olunmuş diplomatik korpusun üzvləri, yerli ictimaiyyətin təmsilçiləri və xarici qonaqlar iştirak etmişlər.

 

Mərasimdə Holland-Azərbaycan Türk Dərnəyinin rəhbəri İlhan Aşkının qısa nitqindən sonra abidənin açılışını bildirən rəmzi lenti səfir Fuad İsgəndərov, Azərbaycan və türk diasporlarının rəhbərləri kəsmiş, faciədə şəhid olanların ruhuna dua oxunmuşdur. Tədbirdə hollandlar adından səslənən çıxışda abidənin açılışına yerli ictimaiyyətin birmənalı dəstəyi əksini tapmışdır.

 

Mərasimdən sonra diaspor təşkilatların toplantısı keçirilmişdir. Burada iştirakçılar Heydər Əliyev Fondu tərəfindən göndərilmiş rəsm əsərləri sərgisindən nümunələr və dərc olunmuş materiallar ilə tanış olmuşlar.

 

Tədbirdə çıxış edən səfir Fuad İsgəndərov abidənin ucaldılması və açılışı ilə bağlı Azərbaycan hökumətinin yerli diaspor təşkilatları ilə birgə gördüyü işlər haqqında danışmış, erməni təcavüzünün aradan qaldırılması istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət barədə məlumat vermiş, ölkəmizin rəhbərliyinin Azərbaycan və türk diasporlarının işbirliyinin gücləndirilməsinə dair tapşırıqlarını toplantı iştirakçılarına çatdırmışdır. Səfir ölkəmizin ərazi bütövlüyünün bərpası ilə bağlı Azərbaycanın diplomatik və informasiya fəaliyyətində erməni təxribatlarından müdafiə taktikası deyil, fəal hücum strategiyasının həyata keçirilməsi barədə dövlətimizin başçısının xüsusi göstərişlərini iştirakçıların nəzərinə çatdıraraq, Avropanın mərkəzində, dünyanın beynəlxalq hüquq paytaxtı sayılan Haaqa şəhərində ilk dəfə olaraq belə bir abidənin ucaldılmasının məhz bu siyasətin nəticəsi olduğunu xüsusi qeyd etmişdir. Toplantıda, həmçinin Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Cavanşir Vəliyev, Dünya Azərbaycanlıları Konqresinin sədri Qulamrza Sədi Təbrizi, Niderlandda və Avropanın digər ölkələrində fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatlarının nümayəndələri çıxış etmişlər.

 

Tədbir xarici və yerli KİV nümayəndələri tərəfindən geniş işıqlandırılmışdır.


FOTO