4.jpg
20 noyabr 2018

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskvada “Yeddi gözəl” sərgisinin açılış mərasimində iştirak edib

Noyabrın 20-də Moskvadakı Ümumrusiya Xalq və Dekorativ-Tətbiqi Sənəti Muzeyində “Yeddi gözəl” sərgisi açılıb.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılış mərasimində iştirak edib.

 

Sərgi Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı, ölkəmizin Rusiyadakı səfirliyinin dəstəyi ilə keçirilir.

 

Leyla Əliyeva tədbirdə çıxış edib.

 

Ümumrusiya Xalq və Dekorativ-Tətbiqi Sənəti Muzeyinin direktoru Yelena Titova çıxış edərək bildirib ki, muzeyin Azərbaycandan olan həmkarları ilə çox yaxşı əlaqələri var. Heydər Əliyev Fondu və Azərbaycan Xalça Muzeyi ilə xüsusilə səmimi münasibətlərinin olduğunu diqqətə çatdıran Y.Titova deyib: ““Yeddi gözəl” şərqsayağı zərif, dərin fəlsəfi mənaya və valehedici dizayna malik sərgidir. Sərgidə müasir texnologiyalar, zəngin tarix, rəssamların ustalığı əksini tapıb. Sərgi salonlarının əksəriyyəti Qara Qarayevin yaradıcılığına həsr olunub. Onun “Yeddi gözəl” baleti nadir əsərdir. Lakin sərgi təkcə balet haqqında deyil, onun konsepsiyası daha genişdir. Ekspozisiya böyük Azərbaycan eposu - XII əsr dahi Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin poemasına əsaslanır”.

 

Y. Titova sərginin təşkilinə görə Heydər Əliyev Fonduna, Azərbaycan Xalça Muzeyinin əməkdaşlarına və bu işdə əməyi olan hər kəsə təşəkkürünü bildirib.

 

Son aylarda Moskvada Azərbaycana həsr olunmuş bir neçə əhəmiyyətli tədbirin keçirildiyini xatırladan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib: “Bu yaxınlarda - oktyabr ayının ortalarında Moskva meriyası ilə üzbəüz mərkəzi meydanda “Azərbaycanın payıq sovqatları” sərgisi açılmışdı. Beş gün ərzində sərgini 70 mindən çox adam ziyarət etdi. Dünən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) böyük Azərbaycan mütəfəkkiri İmadəddin Nəsiminin büstünün açılışı, Moskva Dövlət Universitetində “Nəsiminin mənəvi irsi orta əsrlər Şərqinin tarixi-mədəni kontekstində” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. Bu gün bu gözəl muzeydə, özü özlüyündə muzey olan bu nadir binada “Yeddi gözəl” sərgisi açılır”.

 

Tədbirlərin təşkilinə görə Heydər Əliyev Fonduna təşəkkürünü ifadə edən diplomat deyib: “Bütün bu tədbirlər Heydər Əliyev Fondunun dəstəyi sayəsində ərsəyə gəlib. Mən, həmçinin bu tədbirlərin təşkilində fəal iştirakına və yardımına görə Leyla xanıma minnətdarlığımı bildirmək istəyirəm. Nəsiminin xatirə abidəsinə görə xüsusi təşəkkür edirəm. Bu abidə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) kimi bir universitetdə qoyulub. Universitetə gələn hər yeni nəsil Nəsimi haqqında daha çox məlumat əldə edəcək. Bugünkü tədbirə gəldikdə isə sərgi iki xalqın və ölkənin həyatında əlamətdar hadisədir. Mən sizin hamınıza xoş ovqat arzu edirəm ki, bu sərgi xatirələrinizdə qalsın”.

 

Qeyd edək ki, sərginin ekspozisiyasının konsepsiyası XII əsr dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poeması və Azərbaycanın dünya şöhrətli bəstəkarı Qara Qarayevin eyniadlı baleti əsasında qurulub. Layihədə Azərbaycan mədəniyyəti xalça, zərgərlik və miniatür sənəti, müasir incəsənət, klassik musiqi və rəqsin sintezində təqdim olunur.

 

Ekspozisiya Heydər Əliyev Fondu, Azərbaycan Xalça Muzeyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin eksponatlarından ibarətdir. Sərgi məkanı ziyarətçini Bəhram şah və yeddi gözəl haqqında əfsanəyə aparır. Azərbaycan mədəniyyətində mühüm rol oynayan bu ədəbi əsərin fəlsəfi aləmi xalça, kitab miniatürləri proyeksiyası, dekorativ-tətbiqi sənət əşyaları və instalyasiyalar vasitəsilə canlandırılır.

 

Sərgidə nümayiş olunan “Miniatür” instalyasiyasını Azərbaycan rəssamı Rəşad Ələkbərov XVI əsrə aid “Kitab oxuyan gənc” Təbriz miniatürü əsasında yaradıb. Kompozisiyanın ideyası hər bir ziyarətçini qədim nağıl və əfsanələr aləminə aparan illüziya portalının yaradılması üzərində qurulub. Burada tamaşaçıların gözü önündə Nizaminin poeması canlanır. “Kitab oxuyan gənc” miniatürünü I Şah Təhmasib dövründə səfəvi rəngkarlığının zirvəsi sayılan Sultan Məhəmmədin yaratdığı bildirilir və bu əsər Parisdə V.Veverin kolleksiyasında qorunur.

 

Qara Qarayevin Nizami Gəncəvinin poeması əsasında yazdığı “Yeddi gözəl” baletindən səhnələr, həmçinin həmin tamaşaya aid arxiv materialları da sərginin ekspozisiyasına daxildir. Ziyarətçi burada özünü balet məkanında görür: onu Nizami qəhrəmanlarını canlandıran balerinalar əhatə edir.

 

Sərgi 2019-cu il fevralın 3-dək davam edəcək.


FOTO

VİDEO