Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı

  • Layihə
  • Foto

2016-cı il sentyabrın 18-27-də Bakıda Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı keçirilib.

 

Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalda Azərbaycanla yanaşı, Rusiya, ABŞ, İsrail, Almaniya, Türkiyə, Gürcüstandan olan tanınmış musiqi kollektivləri konsert proqramları ilə çıxış ediblər.

 

Sentyabrın 18-də M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında festivalın açılış mərasimi olub. Festival Üzeyir Hacıbəyli adına Dövlət simfonik orkestrinin ifasında (orkestrin bədii rəhbəri və baş dirijoru, Xalq Artisti Rauf Abdullayevdir) dahi bəstəkarın “Koroğlu” operasından uvertüranın səslənməsi ilə açıq elan edilib.

 

Gecədə Xalq Artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellasının ifasında bir sıra musiqi kompozisiyaları təqdim olunub.

 

Festival günlərində 30-dan artıq tədbir keçirilib. Festival çərçivəsində İsrailli musiqiçilər Haqay Şaham (skripka) və Yulia Qurviç (fortepiano) klassik musiqi konsertində İ. Brams, E. Qriq və R. Şumanın əsərlərini səsləndiriblər, Cüzeppe Verdinin “Bal-maskarad” operası təqdim olunub, Əməkdar Artist, Bakı Musiqi Akademiyasının professoru, beynəlxalq müsabiqə laureatı Nərgiz Əliyarovanın solo konserti keçirilib. Muzey Mərkəzdə “Azərbaycan bəstəkarları və musiqişünasların elektron kataloqu”nun təqdimatı olub.

 

Musiqi festivalına sentyabrın 27-də yekun vurulub. Bağlanış mərasimində Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, V. Saraçişvili adına Tbilisi Dövlət Konservatoriyasının Gənclər Xoru və Azərbaycan Dövlət Xor Kapellasının kiçik heyəti konsert proqramı ilə çıxış edib. Orkestrlərə Xalq Artisti Fəxrəddin Kərimov dirijorluq edib. Gürcüstanlı Liana Çonişvili və Xalq Artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə keçən konsertdə görkəmli bəstəkarlar Dmitri Şostakoviç və Coakkino Rossininin əsərləri səsləndirilib.



1+.JPG
3.JPG
4.JPG
5.5.jpg
6.5.jpg
7+.JPG
8+.JPG