2019-cu il ildə keçirilən 58-ci Venesiya Biennalesi – Beynəlxalq İncəsənət Sərgisində Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə təmsil olunub. Biennalidə ölkəmiz “Virtual reallıq” (“Virtual Reality”) mövzusundakı milli pavilyonla iştirak edib.
Kampo Santo Stefanodakı XIV əsrə aid Lezze Sarayında açılan ekspozisiyada rəssam və heykəltəraşlar Zeyqəm Əzizov, Orxan Məmmədov, Zərnişan Yusif, Kənan Əliyev və Ülviyyə Əliyevanın əsərləri təqdim olunub.
Pavilyondakı multimedia əsərləri, instalyasiya və heykəllərin mövzusu bunları əhatə edib: insanlar hər gün heyrətamiz xəbər axını ilə üzləşir. Dünyada hər bir insan gün ərzində təxminən 150 dəfə telefonunu yoxlayır, 2 milyarddan çox insan sosial şəbəkələrdən istifadə edir. Saxta xəbərlər sosial şəbəkələr vasitəsilə daha çox paylaşılır, aparılan müzakirələrin əksər hissəsi isə onların doğru olub-olmadığı ilə bağlı deyil.
58-ci Venesiya Biennalesi noyabrın 24-dək davam edib.