Moskvada Xocalı soyqırımı qurbanlarını anma tədbiri - "Xocalısız 15 il" adlı xatirə gecəsi keçirilmişdir. Tədbiri Heydər Əliyev Fondunun dəstəyi ilə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Azərbaycanlı Gənclər Klubu və Rusiya Azərbaycanlı Gənclərin Əlaqələndirmə Şurası təşkil etmişdi.
Azərbaycanın dövlət himni səsləndikdən sonra Ermənistan-Azərbaycan münaqişəsinin və Xocalı faciəsinin tarixi haqqında Heydər Əliyev Fondu tərəfindən təqdim olunmuş sənədli film göstərildi.
Sonra MDBMİ-nin Azərbaycanlı Gənclər Klubunun prezidenti Leyla Əliyeva çıxış edərək dedi ki, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal olunub, ölkədə bir milyondan çox qaçqın və məcburi köçkün var, on minlərlə tarix və memarlıq abidəsi məhv edilmişdir. 1992-ci il fevralın 26-sı - erməni təcavüzkarların Azərbaycanın Xocalı şəhərini yer üzündən sildikləri gün ölkəmizin tarixində ən faciəli səhifələrdən biri olmuşdur. Xocalı qırğını xalqımız üçün ən ağır sınağa çevrildi, öz qəddarlığı ilə insanı dəhşətə gətirən hadisələr ölkənin hər bir vətəndaşına, hər bir ailəyə dağ çəkdi. Xocalı faciəsinin dəhşətli statistikası belədir: 600-dən çox adam, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca qətlə yetirildi, 500-dək insan ağır xəsarət aldı, mindən çox adam əsir götürüldü. Dinc sakinlərin evləri, xəstəxanalar və məktəblər yandırılıb dağıdıldı. Azğınlaşmış erməni quldurlar heç kimə - nə körpələrə, nə də qocalara rəhm etmədilər. Qəddarlığına və qırğının kütləviliyinə görə bu faciəni bütün bəşəriyyətə qarşı ən ağır cinayətlərlə bir sıraya qoymaq tamamilə ədalətli olardı. Aradan 15 il ötsə də, Azərbaycan o müdhiş fevral gününü unutmur və heç zaman da unutmayacaqdır. Qanlı faciənin şahidləri hələ sağdır, bu bəşəri cinayətləri təsdiqləyən sənədlər, foto və videomateriallar vardır.
Leyla Əliyeva dedi ki, Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən bu tədbirdən məqsəd dünya ictimaiyyətinə Xocalı soyqırımı barədə doğru-düzgün və obyektiv məlumat verməkdir. Biz dünya birliyinə müraciət edərək, onu belə faciələrin bir daha təkrar olunmaması üçün var qüvvə ilə səy göstərməyə çağırmaq istəyirik.
Xocalı hadisələri beynəlxalq hüquq normalarına əməl olunmamasının və ikili standartlar siyasətinin nə kimi müsibətlərə gətirib çıxardığını bütün bəşəriyyətə bir daha göstərdi. Bununla yanaşı, Xocalı dünya azərbaycanlılarını birləşdirdi. Əminik ki, Ermənistan-Azərbaycan münaqişəsi ədalətlə həll ediləcək, Xocalı hadisələri isə öz hüquqi qiymətini alacaqdır. Nəhayət, XXI əsrdə bəşəriyyət zorakılıq və müharibələrdən yeni mədəniyyətə - ümumi dəyərlərə, həmrəyliyə, dözümlülüyə və hər bir insanın hüquqlarına əsaslanan mədəniyyətə keçməlidir.
Azərbaycanlı Gənclərin Əlaqələndirmə Şurasının sədri Siyavuş Məmmədov tariximizin faciəli hadisələrindən nəticələr çıxarmağın zəruriliyini vurğuladı. O bildirdi ki, hər il dünyanın müxtəlif şəhərlərində Xocalı haqqında həqiqəti ictimaiyyətə çatdıran tədbirlər keçirilir. Rusiyadakı azərbaycanlı gənclər də ölkə ictimaiyyətini Xocalı faciəsi barədə məlumatlandırmağa çalışırlar. Azərbaycan xalqı tolerantlığa, sülhsevərliyə və dözümlülüyə həmişə nümunə olmuşdur. Elə bu səbəbdən də biz artıq neçə illərdir gözləyirik ki, dünya birliyi erməni təcavüzünü pisləyəcək, erməniləri işğal olunmuş əraziləri dinc yolla qaytarmağa məcbur edəcəkdir. Əminəm ki, yaxın gələcəkdə Azərbaycan dünyanın nüfuzlu siyasi və iqtisadi mərkəzlərindən birinə çevriləcək, onun səsi daha güclü eşidiləcək və bununla hesablaşmamaq mümkün olmayacaqdır.
Azərbaycan MEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, siyasi elmlər doktoru Rövşən Mustafayev vurğuladı ki, təcavüzkar ermənilərin bütün bəşəriyyətə qarşı yönəldilmiş ideologiyası mifologemlərə və uydurma, cəfəng ideyalara əsaslanmışdır. Lakin Xocalıda azərbaycanlılara qarşı törədilmiş vəhşilikləri ermənilərin hətta güclü təbliğat maşını da izah edə və ona bəraət qazandıra bilməmişdir.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu dedi ki, Xocalıda törədilən dəhşətli faciə artıq 15 ildir hər bir azərbaycanlının qəlbində yaşayır, lakin Azərbaycanın ildən-ilə möhkəmlənən siyasi və iqtisadi qüdrəti bizə inam verir ki, torpaqlarımızı işğalçılardan təmizləyəcək və tarixi haqq-ədaləti bərpa edəcəyik. İndi Azərbaycan əvvəlki Azərbaycan deyildir və azərbaycanlılar da o azərbaycanlılar deyildirlər. İndi o, sıx birləşmiş millətdir, suveren ölkədir, onun səsi bütün dünyada eşidilir və gündən-günə daha da güclənir. Biz dünyanın Xocalı hadisələrini soyqırımı kimi tanımasına nail olacaq, öz tarixi torpaqlarımızı qaytaracağıq.
Sonra "Fəryad" bədii filmi nümayiş etdirildi.
Xatirə gecəsinin keçirildiyi Mərkəzi Sahibkarlar Evinin foyesində Xocalı faciəsindən bəhs edən fotosərgi təşkil olunmuşdu. Gecənin iştirakçılarına Heydər Əliyev Fondunun göndərdiyi müxtəlif dillərdə kitablar, jurnal və bukletlər, habelə Xocalı hadisələrini işıqlandırmış xarici jurnalistlərin materialları, bu faciə barədə dünya mətbuatında getmiş məqalələr təqdim edildi.
Xatirə gecəsində Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları, Ümumrusiya Azərbaycan Konqresinin və Rusiya ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.