03_leyla-aliyeva-moskva-heydar-aliyev.jpg
6 may 2013

Moskvada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illiyinə həsr olunmuş təntənəli gecə keçirilib

Mayın 6-da Moskvada, İttifaqlar Evinin Sütunlu Salonunda böyük dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illiyinə həsr olunmuş təntənəli gecə keçirilib.


Heydər Əliyev Fondunun, Azərbaycanın Rusiyadakı səfirliyinin və Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) təşkil etdikləri gecədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin, Rusiya ictimaiyyətinin, Moskvada akkreditə olunmuş diplomatik missiyaların nümayəndələri, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.


Leyla Əliyeva mərasimdə çıxış edib.


Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin çıxışından sonra isə 2012-ci ildə Ümumrusiya Azərbaycan Konqresi tərəfindən təsis olunmuş Heydər Əliyev adına mükafatın təqdim edilməsi mərasimi keçirilib.


İnformasiya və mətbuat sahəsində ikitərəfli münasibətlərin inkişafına, Azərbaycan gerçəkliklərinin Rusiya cəmiyyətinə çatdırılmasına və müasir Azərbaycanın müasir imicinin yaradılmasına töhfəsinə görə “Rossiyskaya qazeta”nın baş redaktoru Vadislav Fronin, təhsil sahəsində ikitərəfli münasibətlərin inkişafına və möhkəmləndirilməsinə, Azərbaycan dili və ədəbiyyatı sahəsində Rusiya mütəxəssislərinin hazırlanmasına töhfəsinə, Azərbaycan jurnalistləri üçün ixtisasartırma kursunun təşkilinə və Moskva Dövlət Dilçilik Universitetində (MDDU) Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılmasına yardımına görə MDDU-nun rektoru İrina Xaleyeva, mədəniyyət sahəsində ikitərəfli münasibətlərin inkişafına və möhkəmlənməsinə töhfəsinə, Moskvada “Bakıya uçuş sərgisinin” keçirilməsinə dəstəyinə görə Multimedia Art Muzeyin direktoru Olqa Sviblova, “Hakimiyyət yükü. Heydər Əliyev” sənədli-bioqrafik filmin yaradılmasına görə kinorejissor Andrey Konçalovski mükafatlandırılıblar. Mükafatları Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, ÜAK-ın icraçı direktoru İlqar Hacıyev, ÜAK-ın Rəyasət heyətinin üzvü Fərid Haqverdiyev təqdim ediblər.


Təntənəli gecənin bədii hissəsinin proqramı “Heydər Əliyevin sevimli əsərləri” adlanırdı. Bədii hissədə SSRİ Xalq Artisti V.Fedoseyevin rəhbərlik etdiyi P.İ.Çaykovski adına Böyük Simfonik Orkestrin müşayiəti ilə SSRİ-nin və Azərbaycanın Xalq Artisti Fərhad Bədəlbəyli, Azərbaycanın Xalq artistləri Samir Cəfərov, Murad Adıgözəlzadə, respublikanın Əməkdar Artisti Aygün Zeynalova çıxış ediblər. Gecədə Ü.Hacıbəylinin, Q.Qarayevin, F.Əmirovun əsərləri, habelə sonda Azərbaycanın Əməkdar Artisti Elçin Əzizovun ifasında M.Maqomayevin “Azərbaycan” mahnısı səsləndirilib.


İttifaqlar Evinin Sütunlu Salonunun foyesində Heydər Əliyevə həsr olunmuş fotosərgi də təşkil edilib. Tədbir iştirakçılarına Azərbaycan xalqının ümummilli liderindən söz açan materialların yer aldığı “Baku” jurnalı paylanılıb.


FOTO

Paylaş: