06.JPG
29 sentyabr 2018

Nəsimi festivalı: “Bahariyyə” musiqi layihəsi təqdim olunub

Sentyabrın 29-da Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Daş Salnamə Muzeyində “Bahariyyə” adlı musiqi layihəsinin təqdimatı keçirilib.

 

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva iştirak ediblər.

 

Nəsimi dühasından ilhamlanaraq hazırlanmış “Bahariyyə” adlı konsertdə muğam və elektron musiqiləri təqdim olunub. Tanınmış xanəndə, Əməkdar artist Teyyub Aslanovu tarda Əliağa Sədiyev, kamançada Elnur Mikayılov, zurna və balabanda Şirzad Fətəliyev, nağarada Kamran Kərimov müşayiət ediblər. Fərhad Fərzəliyevin təqdimatında elektron musiqi konsertə toplaşanlar tərəfindən maraqla qarşılanıb. Nəsiminin poetik dünyası muğam sənətinin və elektron musiqinin dili ilə sənətsevərlərə mükəmməl şəkildə çatdırılıb. Bəşəri sevgi və mənəvi oyanış mövzularında dinlənilən nəğmələr gecəyə xüsusi rəng qatıb.

 

Tədbirdən əvvəl, həmçinin dünya şöhrətli amerikalı iqtisadçı Ceremi Rifkinin “Empatik sivilizasiya və paylaşım iqtisadiyyatı” adlı videomühazirəsi dinlənilib. Sonra iştirakçıların sual-cavab sessiyası təşkil olunub.


FOTO

VİDEO