IMG_2091.jpg
25 fevral 2011

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin dəstəyi ilə Moskvada “Xocalıya ədalət” kampaniyası çərçivəsində konfrans keçirilib

Azərbaycanın Rusiyadakı səfirliyi, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi, Ümumrusiya Azərbaycanlılar Konqresi, Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) İslam Konfransı Təşkilatının Gənclər Forumu ilə birlikdə “Xocalıya ədalət” beynəlxalq informasiya kampaniyası çərçivəsində ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdikləri faciənin 19-cu ildönümünə həsr edilmiş konfrans keçirmişlər.

 

“Prezident-hotel” mehmanxana kompleksinin “Bolşoy Petrovski” zalında keçirilmiş konfransda Xocalı faciəsi haqqında həqiqətin, bu barədə obyektiv informasiyanın dünya ictimaiyyətinə çatdırılmasına və təqsirkarların məsuliyyətə cəlb edilməsinə yönəlmiş “Xocalıya ədalət” kampaniyası çərçivəsində görülmüş işlər müzakirə edilmişdir.

 

Konfransın rəsmi hissəsini İKT Gənclər Forumunun baş katibi Elşad İsgəndərov açmışdır. O, Azərbaycanın bu məsələdə haqlı mövqeyini dəstəkləyən konfrans iştirakçılarına təşəkkürünü bildirmiş və xüsusi qeyd etmişdir ki, “Xocalıya ədalət” beynəlxalq kampaniyasının məqsədi təkcə Xocalı faciəsinin deyil, başqa etnik təmizləmələrin də qurbanları üçün ədalətə nail olmaqdır.

 

Sonra bu kampaniyanın təşəbbüsçüsü, RAGT-nin sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti, İKT Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyeva çıxış etmişdir.

 

Leyla Əliyeva qeyd etmişdir ki, Xocalının dinc sakinlərinə qarşı törədilmiş, günahsız insanların, o cümlədən uşaqların, qadınların və qocaların həyatına son qoymuş soyqırımı aktı yaddaşımızda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixində ən dəhşətli və qanlı faciə kimi həmişəlik qalacaqdır. Onun sözlərinə görə, bu gün bu zalda iştirak edənlər, eləcə də “Xocalıya ədalət” beynəlxalq kampaniyasını dəstəklədiklərini bildirən milyonlarla insan bu faciəyə beynəlxalq birlik tərəfindən hansı hüquqi, mənəvi və insani qiymət verilməsinə əsla biganə qala bilməz. Leyla Əliyeva demişdir ki, Xocalıda törədilmiş cinayətin icraçıları və sifarişçilərinin indiyə qədər layiqli cəza almaması dəhşətli haqsızlıqdır.

 

O demişdir: “Bizim kampaniyanın məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, qaçqınların və məcburi köçkünlərin düşdüyü ağır vəziyyət haqqında bütün həqiqəti dünya birliyinə çatdırmaqdır. Torpaqlarımız hələ də işğal altındadır, erməni cəlladlar öz tamahkar məqsədlərinə çatmaq üçün günahsız insanları amansızcasına qətlə yetirmişlər. Xocalı faciəsinin beynəlxalq birlik tərəfindən insanlığa qarşı cinayət və soyqırımı aktı kimi tanınmasına nail olmaq hər bir azərbaycanlının vəzifəsi, o cümlədən mənim də vəzifəmdir. Bu cinayət bir daha təkrarlanmamalıdır”.

 

Leyla Əliyeva bildirmişdir ki, Heydər Əliyev Fondu dalbadal neçənci ildir ki, dünyanın 70 ölkəsində Xocalı faciəsinə həsr edilmiş tədbirlər keçirir. Fond konfranslar, xatirə gecələri təşkil edir, kitablar, bukletlər dərc edir, DVD-disklər buraxır, filmlər çəkir. 2008-ci ildə başlanmış “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində bütün dünyada yüzlərlə aksiya keçirilir. Avropa İttifaqının üzvü olan dövlətlərin demək olar ki, hamısında, MDB, Asiya, Cənubi və Şimali Amerika ölkələrində konfranslar, seminarlar, piketlər keçirilir. Bu kampaniya sayəsində bir sıra beynəlxalq forumlar Xocalı faciəsini tanımışlar. Bir ay bundan əvvəl Fondun və İKT Gənclər Forumunun təşəbbüsü ilə 31 ölkənin deputatları Xocalı faciəsini insanlığa qarşı cinayət kimi tanımışlar. Bu gün dünyanın 20 ölkəsində aparıcı universitetlər arasında gənclərin fleşmobları keçirilir. Bununla bərabər, keçən il bizim kampaniyanın yeni mərhələsi – dövlət və hökumət başçılarına, ATƏT-in Minsk qrupuna, AŞPA-ya, BMT Baş Katibliyinə, dünya parlamentlərinə və beynəlxalq təşkilatlara ünvanlanmış, bu faciəni soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanımaq tələbi irəli sürülən petisiya və müraciətlər yayılması mərhələsi başlanmışdır.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti demişdir ki, petisiyanın mətni saytımızda yerləşdirilmişdir və artıq 140 mindən çox insan həmin mətni imzalamışdır.

 

Leyla Əliyeva qeyd etmişdir ki, bu gün təşkilat öz saytının daha dolğun və maraqlı olan yeni versiyasını təqdim edir. O demişdir: “Bu gün biz Robert Arakelovun kitabını da təqdim edirik, Bu kitabda Xocalı faciəsi haqqında obyektiv və düzgün informasiya verilir. Rəmzi haldır ki, bizim kampaniyanın ən mühüm tədbirlərindən biri dalbadal neçənci ildir ki, Moskvada keçirilir. Axı Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini tənzimləmək potensialına malikdir və bu məsələdə müsbət rol oynaya bilər. Rusiya cəmiyyətinin nümayəndələri birincilər sırasında Xocalıya gedənlərdən və vəziyyəti obyektiv qiymətləndirənlərdən olmuşlar. Buna görə də biz bu gün bu zalda Rusiya cəmiyyətinin nümayəndələrini görməyə şadıq, kədərimizə şərik olduqlarına və bizi dəstəklədiklərinə görə onlara ürəkdən təşəkkür edirik. Bu dəhşətli cinayətə heç cür haqq qazandırmaq olmaz, Azərbaycan xalqı bu faciəyə böyük ürəkağrısı ilə tab gətirmişdir və biz bu cür faciənin bir daha təkrarlanmasına yol verə bilmərik”.

 

Leyla Əliyeva ümid etdiyini bildirmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə dinc yolla öz həllini tapacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, qaçqınlar və məcburi köçkünlər öz doğma torpaqlarına, öz evlərinə qayıdacaqlar.

 

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Xocalı faciəsinə həsr edilmiş beynəlxalq kampaniyanın əhəmiyyəti və ölkə rəhbərliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli tənzimlənməsinə yönəlmiş fəaliyyəti haqqında geniş məruzə ilə çıxış etmişdir.

 

ÜAK-ın prezidenti Məmməd Əliyev, Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova, Ural Federal Universitetinin Avropa tədqiqatları kafedrasının müdiri, professor Aleksandr Nesterov, “Xocalıya ədalət” kampaniyasının Moskva üzrə əlaqələndiricisi Kristina Mojayeva və rusiyalı politoloq Aleksey Vlasov öz çıxışlarında xalqımızın faciəsi barədə həqiqətin dünyaya çatdırılması üçün ölkəmizin informasiya siyasətinin müxtəlif aspektlərinə toxunmuş, ədalətli olmağa, bu qanlı cinayətin təqsirkarlarını beynəlxalq hüquq və ümumbəşəri normalar çərçivəsində məsuliyyətə cəlb etməyə çağırmışlar.

 

Tədbir iştirakçıları www.justiceforkhojaly.org saytında yerləşdirilmiş petisiya ilə tanış olmuş və elə oradaca həmin sənədi imzalamışlar.

 

Tədbirdə 600-dən çox qonaq, o cümlədən Türkiyənin və Paraqvayın RF-dəki səfirləri, Moskvada akkreditə edilmiş diplomatik missiyaların, Rusiya XİN-in, ziyalıların, paytaxtın elmi və yaradıcı dairələrinin, Azərbaycan diasporunun, KİV-lərin nümayəndələri, habelə Moskva və regionların ali məktəblərinin tələbələri iştirak etmişlər.

 

Tədbir iştirakçılarına Robert Arakelovun “Erməni ziyalısının etirafı” kitabının nüsxələri paylanmışdır.

 

Onu da qeyd etmək lazımdır ki, gənclər Heydər Əliyev Fondunun və RAGT-nin təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyasını Rusiyanın 27 regionunda davam etdirmişlər.


FOTO