17 may 2012

“Afrovision – Afrikadan müasir incəsənət” sərgisinin açılışı

Mayın 17-də Bakıda, Müasir İncəsənət Muzeyində “Afrovision – Afrikadan müasir incəsənət” sərgisinin açılışı olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva sərgidə iştirak ediblər.


Leyla Əliyeva tədbirdə çıxış edib.


Leyla Əliyevanın çıxışı:


- Afrika incəsənəti qeyri-adidir. Çünki buradakı hər bir əsər böyük mənaya malikdir və özündə güclü enerji ehtiva edir.


Bu sərgi “Afrovision” adlanır. Burada 11 rəssam tərəfindən yaradılmış müasir sənət nümunələri nümayiş olunur. Onların bəziləri tanınmış və nüfuzlu, bəziləri isə gənc və perspektivli rəssamlardır.


Mən sərginin bu muzeydə keçirilməsindən çox məmnunam. Hesab edirəm ki, ümumilikdə, müasir sənət dünyasında Afrika rəssamlarının rolu getdikcə daha da yüksəlir. Ötən 20 ildə Afrika rəssamlarının sayı əhəmiyyətli dərəcədə artmışdır.


Azərbaycan mədəniyyətini bütün dünyada təbliğ edən Heydər Əliyev Fondu hər zaman başqa mədəniyyətlərə böyük hörmət və ehtiramla yanaşmışdır.


Mənim fikrimcə, Afrika incəsənəti xüsusi əhəmiyyətə malikdir. Çünki Afrika rəssamları insanların emosiyalarını, onların real həyatlarını nümayiş etdirirlər.


Mən burada iştirak edənlərin hər birinə təşəkkür etmək istərdim.


Heydər Əliyev Fondu rəssamları hər zaman dəstəkləmişdir. Biz Parisdə və Londonda “Bakıya uçuş” sərgisini təşkil etmiş və öz işlərini xaricdə nümayiş etdirmələri üçün Azərbaycandan olan 21 rəssama imkan yaratmışıq.


Biz “Bakıya uçuş” sərgisini hələ başa çatdırmamışıq. Sərginin Romada, Nyu-Yorkda, Moskvada və digər şəhərlərdə keçirilməsini planlaşdırırıq.


Mən doktor Bernd Kleinə təşəkkür etmək istərdim. Çünki o, bu sərginin keçirilməsinin təşəbbüskarıdır. Buradakı bütün işlər onun şəxsi kolleksiyasındandır. Mən, həmçinin cənab Hazumiyə təşəkkür etmək istərdim. O, böyük heykəltəraş və buradakı işlərdən birinin müəllifidir.


Bu sərgi Azərbaycan əhalisinə Afrika mədəniyyətini kəşf etməyə imkan verəcəkdir. Xüsusilə, əhəmiyyətlidir ki, bu sərgi çox əlamətdar bir gündə təşkil edilmişdir. Çünki bir neçə gündən sonra biz “Eurovision” mahnı müsabiqəsinin ən həyəcanlı anlarının şahidi olacağıq.


Ümid edirəm ki, “Afrovision” sərgisi bizə haqqında çox şey bilmədiyimiz dünyanın bir hissəsini kəşf etmək üçün imkan yaradacaqdır.


Çox sağ olun.


Xəbərə keçid