19 may 2012

“Qız qalası” Üçüncü Beynəlxalq incəsənət festivalının başa çatmasına həsr edilmiş mərasim

Mayın 19-da İçərişəhərdəki Kiçik Karvansarada ənənəvi “Qız qalası” Üçüncü Beynəlxalq incəsənət festivalının başa çatmasına həsr edilmiş mərasim keçirilib. Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər.


Leyla Əliyeva tədbirdə çıxış edib.


Leyla Əliyevanın çıxışı:


- Xanımlar və cənablar!


Əziz dostlar!


Hər şeydən əvvəl, sizi gözəl şəhərimiz Bakıda salamlayıram. “Qız qalası” Üçüncü Beynəlxalq incəsənət festivalı çərçivəsində keçirilən “Böyük beşlik” sərgisinə xoş gəlmisiniz.


Biz bu festivalı üçüncü dəfədir ki, keçiririk. Çox böyük uğur qazanan bu festival Bakı sakinlərinə dünyanın fərqli ölkələrindən müxtəlif rəssamların yaradıcılıq nümunələri ilə tanış olmağa imkan verir.


Bu gün biz burada Azərbaycanda və Cənubi Qafqazda ən gözəl, lakin nəsli kəsilmək təhlükəsi ilə üzləşən heyvanlardan biri olan ceyranı nümayiş etdiririk. “Böyük beşlik” sərgisi diqqəti Azərbaycanda və regionda nəsli kəsilmək təhlükəsi ilə üzləşən heyvanlara cəlb etmək üçün təşkil edilmişdir.


İDEA Kampaniyası nəsli kəsilmək təhlükəsi ilə üzləşən ayı, qartal, canavar, ceyran və Qafqaz bəbirini “Böyük beşliy”ə daxil etmişdir. Bu gün biz nəsli kəsilmək təhlükəsi ilə üzləşən bu canlılara nümunə kimi ceyrandan istifadə edirik. Ceyran Azərbaycanın sehirli nağıllarında və musiqilərində hər zaman zəriflik və gözəllik rəmzi olmuşdur. Heydər Əliyev Fondu Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə ceyranların təbii yaşayış mühitinə köçürülməsi layihəsini reallaşdırmışdır. IDEA olaraq biz bu layihəyə daha çox yaradıcı və bədii yanaşma nümayiş etdirmək qərarına gəldik.


Bildiyiniz kimi, İDEA Kampaniyası təxminən bir il əvvəl yaradılmışdır. Bu müddət ərzində biz ətraf mühitin qorunması ilə bağlı xeyli layihələr həyata keçirmiş və çox müsbət nəticələr əldə etmişik.


Yarım saat bundan əvvəl biz Dövlət İdarəçilik Akademiyasında resurs mərkəzini açdıq. Bu mərkəz insanlara ətraf mühitlə bağlı araşdırmalar aparmağa imkan verəcəkdir.


İDEA-nın digər maraqlı bir layihəsi burada, qədim Qız qalasının qarşısında reallaşdırılır. Qız qalasında bərpa işləri aparılarkən biz Afrikadan Azərbaycana uçub gəlmiş uzunqanad quşların yuvalarını aşkar etdik. IDEA Kampaniyası “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birlikdə bu quşlar üçün alternativ yuvalar tikdi. Mən böyük məmnuniyyətlə məlumat verirəm ki, quşlar yeni yuvalarına köçmüşdür.


Əziz dostlar, bu gün burada dünyanın müxtəlif ölkələrindən, eləcə də Azərbaycandan 23 rəssam iştirak edir. Mən onların bəzilərini tanıyıram, artıq “Qız qalası” festivalında iştirak etmişlər. Bəziləri peşəkar, bəziləri isə mənim kimi incəsənəti sevən həvəskar rəssamlardır.


Hesab edirəm ki, bu festival çox uğurludur. Çünki dünyanın müxtəlif ölkələrindən gəlmiş rəssamlara bir-birilərinə məhəbbət, sülh və qarşılıqlı anlaşma mesajını çatdırmağa imkan yaradır. Bu mesaj bizim İDEA Kampaniyasının şüarına da tam uyğundur: “Bir planet-bir gələcək”.


Sizin hamınıza bu sərgidə iştirak etdiyinizə görə təşəkkür edirəm. Bu sərgi bir müddət Bakıda keçiriləcəkdir. Biz bu sərginin müxtəlif ölkələrdə keçirilməsini də planlaşdırırıq.


Sərginin təşkil edilməsində köməyi olanların hər birinə, xüsusilə də rəssamlara təşəkkür edirəm. Mən hesab edirəm ki, siz həqiqətən gözəl iş görmüsünüz.


Bakıya gəldiyiniz üçün bir daha sağ olun. Ümid edirəm ki, bizim gözəl şəhərimizdə olmağınızdan məmnun qalacaqsınız. Hamınıza cansağlığı, xoşbəxtlik və məhəbbət arzulayıram.


Xəbərə keçid