10 fevral 2013

Londonda “YARAT!” Müasir İncəsənət Məkanının sərgisi

Fevralın 10-da Londondakı “Christie`s” hərrac evində Heydər Əliyev Fondunun dəstəyi, hərrac evinin və “YARAT!” Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə müasir incəsənət nümunələrinə xüsusi baxış və ziyafət gecəsi keçirilib.


Mərasimdə Azərbaycanın və Böyük Britaniyanın nüfuzlu şəxsləri, parlament üzvləri, ictimai xadimlər, incəsənət adamları, dünyanın müxtəlif ölkələrindən gəlmiş qonaqlar iştirak ediblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə çıxış edib.

Leyla Əliyevanın çıxışı:

- Hörmətli qonaqlar!

Əziz dostlar!     

İlk növbədə, Londonda və “Christie`s”də qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm.

“Bakıya uçuş” sərgisi ilk dəfə Londonda təşkil olunmuş, sonra Parisdə, Berlində və bu həftə Moskvada nümayiş etdirilmişdir. Bu, çox böyük nailiyyət idi və bu sərgini Romada keçirməyi planlaşdırırıq. Sərgi videomateriallar, rəngkarlıq nümunələri, rəsm əsərləri, heykəltəraşlıq və foto nümunələrini özündə birləşdirir. Ümid edirəm ki, bu sərgi Azərbaycan incəsənətinin daha yaxşı öyrənilməsinə töhfəsini verəcəkdir.

Sərgidə iştirak edən rəssamların çoxu, eyni zamanda, fəal təşkilatlarda da təmsil olunurlar. Həmin təşkilatlardan biri bu gün burada sərgisinə toplaşdığımız “YARAT!” Müasir İncəsənət Məkanıdır. Mən şəxsən bundan böyük qürur hissi keçirirəm və çox şadam ki, təşkilatın şöhrəti hər gün daha da artır. Təşkilat Azərbaycan rəssamlarını dəstəkləyir və onların tanınmasında, milli incəsənətimizi beynəlxalq səviyyədə təbliğində çox böyük işlər görmüşdür.

Mənim də sənətə böyük həvəsim vardır. Rəsm çəkməyi və incəsənət ilə maraqlanmağı çox sevirəm. Mən Londona gələndə Milli Qalereyanı ziyarət edirəm və bu, mənim ən çox sevdiyim məkanlardan biridir. London dünya incəsənətinin önəmli mərkəzlərindən sayılır. Çox şadam ki, biz bir çox layihələrimizə məhz bu şəhərdə başlamışıq. Məsələn, bir il bundan əvvəl beynəlxalq “Baku” jurnalının nəşrinə başladıq. Həmin jurnalda bir çox səhifələrimizi fərqli incəsənət layihələrinə, qarşıdan gələn incəsənət hadisələrinə həsr etmişdik. Biz dünyada məşhur olan rəssamlara, o cümlədən Corc Condoya, Tahir Salahova jurnalımızın səhifələrində geniş yer vermişik. İndiyədək jurnalımızın 6 nömrəsi çapdan çıxıb və ümid edirəm ki, bizim jurnal Azərbaycan incəsənətinin və ümumiyyətlə, ölkəmizin daha yaxşı öyrənilməsinə böyük töhfələr verəcəkdir.

Azərbaycan Qərb ilə Şərqin, qədimlik ilə müasirliyin qovuşduğu bir ölkədir. Azərbaycan mədəniyyətlərin, ənənələrin və dinlərin qovuşduğu nadir məkandır və bu, öz möcüzəsini yaradır. Biz bu gün incəsənət və yaradıcılığı qeyd etmək üçün buradayıq. Mən Lord Linliyə və “Christie`s”ə təşəkkür etmək istəyirəm ki, bu əlamətdar hadisəyə ev sahibliyi edirlər. Əminəm ki, bu əməkdaşlığın əhəmiyyəti böyükdür və o, daha da inkişaf edəcəkdir. Bilirəm ki, burada iştirak edənlərin çoxu Azərbaycanda olmuşlar. Ümid edirəm ki, ölkəmizi ziyarət etməkdən məmnun qalmısınız. Amma mən fürsətdən istifadə edib, hər birinizi Azərbaycanı təkrar ziyarət etməyə dəvət edirəm.

Çox sağ olun, hamınıza xoş gecə keçirməyi arzulayıram.