0.JPG
26 yanvar 2005

Mehriban Əliyeva Tehranda bir sıra görüşlər keçirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva yanvarın 24-də Tehranda İran İslam Respublikasının Prezidenti Seyid Məhəmməd Xatəminin xanımı Zəhra Sadeqi Xatəmi ilə görüşmüşdür.

 

Xanım Zəhra Sadeqi Mehriban xanım Əliyevanı böyük hörmətlə və ehtiramla qarşılayaraq, Azərbaycanın birinci xanımının İrana səfərə gəlməsindən məmnunluğunu bildirmişdir.

 

Mehriban xanım Əliyeva Tehranda səmimiyyətlə qarşılandığına, burada ona xoş münasibət göstərildiyinə görə təşəkkür etmişdir.

 

X X X

 

Yanvarın 24-də YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva İran Mərkəzi Bankı nəzdindəki Ləl-cəvahirat muzeyi ilə tanış olmuş, zəngin və çox gözəl olan muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.

 

Azərbaycan Prezidentinin xanımı Tehrandakı xalça muzeyində də olmuşdur. Mehriban xanım Əliyevaya məlumat verilmişdir ki, burada İranın qədim və zəngin xalçaçılıq sənətinə aid minlərlə əl işi saxlanılır. Xalçalar arasında Təbriz xalçaçılıq məktəbinin nümunələri diqqəti daha çox cəlb edir.

 

Ümumiyyətlə, İranın dekorativ-tətbiqi sənətində toxuculuq və xalçaçılıq mühüm yer tutur və onun əsas mərkəzləri Təbriz, Kaşan, Kirman, İsfahan və Yəzd şəhərləridir.

 

Mehriban xanım Əliyeva burada xalçanın toxunma prosesini izləmiş, miniatür sənətindən ibarət sərgiyə və muzeydə nümayiş etdirilən digər dəyərli eksponatlara, əl işlərinə də baxmışdır.

 

İranın qədim tarixinə, etnoqrafiyasına aid eksponatlar, o cümlədən müxtəlif dövrləri əks etdirən məişət əşyaları, incəsənət nümunələri hörmətli qonaqda böyük maraq doğurmuşdur.

 

X X X

 

Yanvarın 25-də YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva İranın sabiq Prezidenti, hazırda Dövlət Məsləhət Şurasının sədri Əli Əkbər Haşimi Rəfsəncaninin qızı Fatimə Rəfsəncanini onun xahişi ilə qəbul etmişdir. Görüş zamanı Fatimə Rəfsəncani rəhbərlik etdiyi xeyriyyə fondunun fəaliyyəti və həmin fondun bilavasitə yardımı ilə təşkil olunan Xüsusi Xəstəliklər Mərkəzinin talassemiya, hemofiliya, şəkərli diabet və böyrək xəstəlikləri olan insanlara tibbi yardım sahəsində gördüyü işlər barədə qonağa ətraflı məlumat vermişdir.

 

X X X

 

Mehriban xanım Əliyeva Tehranda İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin sarayını ziyarət etmişdir. Hörmətli qonağa məlumat verilmişdir ki, 73 il əvvəl tikilmiş sarayda 1970-ci illərin axırlarında əsaslı bərpa işləri aparılmışdır. Şahın evindəki əksər əşyalar vaxtilə Fransadan gətirilmişdir. Bəzək işlərinin əksəriyyəti qızıldandır. Saraydakı yundan toxunmuş 121 kvadratmetrlik xalça diqqəti daha çox cəlb edir.

 

Azərbaycan Prezidentinin xanımı sarayın ayrı-ayrı otaqlarını gəzmiş, məişət və bəzək əşyalarına baxmışdır.

 

X X X

 

Elə həmin gün xanım Mehriban Əliyeva Xüsusi Xəstəliklər Mərkəzi ilə də yaxından tanış olmuş, buradakı şəraitlə maraqlanmışdır.

 

Xanım Mehriban Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondunun şəkərli diabet xəstəliyinə tutulan uşaqlara yardım proqramı barədə məlumat verərək, hazırda talassemiyalı uşaqlara yardım proqramı üzərində iş getdiyini söyləmişdir. Bu sahədə İran tərəfinin əldə etdiyi təcrübənin onlar üçün faydalı olacağına inandığını bildirmişdir.

 

Xanım Fatimə Rəfsəncani rəhbərlik etdiyi fondun bu sahədə Heydər Əliyev Fondu ilə yaxından əməkdaşlıq etməyə hazır olduğunu söyləmişdir.

 

Mehriban xanım Əliyeva mərkəzlə tanışlıqdan məmnun qaldığını bildirmiş, xeyirxah və nəcib işlərinə görə bu səhiyyə ocağının kollektivinə uğurlar arzulamışdır.


FOTO