0_2.jpg.JPG
1 mart 2013

Mehriban Əliyeva Xəzər rayonunda əsaslı surətdə təmiri və yenidən qurulması nəzərdə tutulan bir sıra obyektlərdə olub

Martın 1-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Xəzər rayonundan Milli Məclisin deputatı Mehriban Əliyeva paytaxtın Binə, Türkan, Şüvəlan və Buzovna qəsəbələrində olub, təmiri və əsaslı surətdə yenidən qurulması nəzərdə tutulan bir sıra obyektlərə baş çəkib.


Əvvəlcə Binə qəsəbəsindəki İmam Rza məscidinə gələn Mehriban Əliyeva burada sakinlərlə görüşdü. Məscidin axundu Hacı Həsən Binə sakinləri adından qəsəbədə görülən işlər, həyata keçirilən layihələrlə bağlı minnətdarlığını bildirdi.


Mehriban Əliyeva sakinlərin arzu və təkliflərini dinlədi, onların həlli istiqamətində tövsiyələrini verdi. Görülən bütün işlərin məqsədinin insanların daha rahat yaşamasını təmin etmək olduğunu bildirən birinci xanım Binədə görülən işlərdən danışdı, yeni məktəblərin tikildiyini, mədəniyyət evinin, kitabxananın yenidən qurulduğunu, işıq və qaz xətlərinin çəkildiyini qeyd etdi.


Sonra Mehriban Əliyeva məscidin yenidənqurma işlərindən əvvəlki fotoşəkillərinə baxdı. Məlumat verildi ki, məscid binasının dam örtüyü zədələndiyi üçün yağış suları içəri axaraq interyeri korlamışdı. Qəsəbə ağsaqqalları məscid binasının təmirinə yardım üçün Mehriban Əliyevaya müraciət etmişdilər. Müraciət əsasında 2012-ci ilin sentyabrından yenidənqurma işlərinə başlanılıb və məscid binası bu ilin birinci yarısında təhvil veriləcək.


Məscid, minarə və xidməti otaqlardan ibarət kompleksin sahəsi 1800 kvadratmetrdir. Burada kişilər və qadınlar üçün namaz otaqları, ehsan zalı və digər xidməti otaqlar var. Yenidənqurma işləri zamanı köməkçi bina yenidən tikilib, minarə günbəzi, ümumi tikinti sahəsinin forması və minbər tamamilə dəyişdirilib, hasar yenilənib. Binada müasir istilik sistemi quraşdırılacaq, qazanxana, 60 tonluq yeraltı su anbarı tikiləcək, interyer rəssamlar və nəqqaşlar tərəfindən yenidən işlənəcək. Təmir zamanı əsas binanın bünövrəsi də möhkəmləndirilib.


Sonda xatirə şəkli çəkdirildi.


X X X


Mehriban Əliyeva daha sonra Binə qəsəbəsindəki 285 nömrəli körpələr evi-uşaq bağçasında oldu. Məlumat verildi ki, 1986-cı ildə tikilən və ümumi sahəsi 1900 kvadratmetrdən çox olan uşaq bağçasında indiyə qədər heç vaxt əsaslı təmir işləri aparılmayıb. 1993-cü ildən bağçada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün düşən soydaşlarımız məskunlaşmışdı. Bu il isə onlar yeni mənzillərlə təmin ediliblər. Bağçada yaş yarımdan 6 yaşınadək uşaqlara xidmət edən 75 körpədən ibarət 4 qrup olsa da, binanın yarıtmaz vəziyyəti onun fəaliyyət göstərməsinə imkan vermirdi. 285 nömrəli bağça bu ərazidə yeganə məktəbəqədər uşaq müəssisəsidir. Tələbat artdığına görə Heydər Əliyev Fondunun təşəbbüsü ilə burada uşaq bağçası üçün yeni binanın inşası da nəzərdə tutulub. Mehriban Əliyeva işlərin yüksək keyfiyyətlə yerinə yetirilməsinə dair tövsiyələrini verdi.


X X X


Sonra Türkana gələn Mehriban Əliyeva qəsəbə sakinləri ilə görüşdü, onların problemləri ilə maraqlandı. Mehriban Əliyeva qarşıya qoyulan bütün vacib məsələlərin həll olunduğunu, Türkan qəsəbəsində artıq ikinci bağça binasının inşasına başlanıldığını, qəsəbədə tikinti və quruculuq işlərinin vüsət aldığını söylədi, Xəzər rayonunun bütün məktəblərinin yeni, müasir standartlara uyğun qurulduğunu bildirdi. Gələcək illərdə sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı zəruri addımların atılacağını qeyd edən Mehriban Əliyeva vurğuladı ki, bununla da qəsəbədə yeni iş yerlərinin açılmasına nail olunacaq.


Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər.


Mehriban Əliyeva tikilməkdə olan yeni uşaq bağçasında inşaat işlərinin gedişi ilə tanış oldu. Məlumat verildi ki, hazırda Türkan qəsəbəsində uşaq bağçasına böyük ehtiyac var. Ötən ilin sonunda inşasına başlanan müasir tipli 200 yerlik uşaq bağçasının bu ilin sentyabrında istifadəyə verilməsi nəzərdə tutulub.


İkimərtəbəli binada 2 körpə, 4 orta, 4 məktəbəqədər hazırlıq qrupu fəaliyyət göstərəcək. Uşaq bağçası bütün əyani və texniki vasitələrlə təchiz ediləcək. Binada hovuz, musiqi və idman otaqları yaradılacaq, müasir havalandırma sistemi quraşdırılacaq. Həyətdə uşaqların əyləncəsi və fiziki inkişafı üçün şərait yaradılacaq.


X X X


Mehriban Əliyeva martın 1-də Şüvəlan qəsəbəsindəki zəif eşidən və sonradan karlaşmış uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbində də oldu. Məlumat verildi ki, internat məktəbi 1963-cü ildə inşa olunub. Hazırda burada 130 şagird təhsil alır. Binanın əsaslı təmirə ehtiyacı var.


Mehriban Əliyeva internat məktəbinin yenidən qurulması ilə bağlı tövsiyələrini verdi.


Sonra birinci xanım qəsəbə sakinləri ilə görüşdü, onlarla söhbət etdi. Mehriban Əliyeva bildirdi ki, Xəzər rayonunun bütün qəsəbələrində olduğu kimi, Şüvəlanda da həyata keçirilən layihələr uğurla davam etdirilir. Sosial problemlərin öz həllini tapması ilə yanaşı, burada təhsil ocaqları, məktəbəqədər müəssisələr, mədəniyyət mərkəzləri təmir olunur və yenidən qurulur. İki nömrəli xüsusi internat məktəbinin də müasir üslubda qurulmasının vacibliyini qeyd edən Mehriban Əliyeva uşaqlara yüksək keyfiyyətli təhsilin verilməsinin əhəmiyyətini vurğuladı


X X X


Mehriban Əliyeva sonra Şüvəlandakı sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika Xüsusi İnternat məktəbinə gəldi.


Məlumat verildi ki, 1964-cü ildə inşa olunan internatda 136 şagird təhsil alır. Bu müəssisə də yararsız vəziyyətə düşüb və binanın əsaslı yenidənqurma işlərinə ciddi ehtiyac var. Heydər Əliyev Fondunun prezidenti bu internat məktəbinin də yenidən qurulacağını bildirdi.


Mehriban Əliyeva internat məktəbində təhsil alan uşaqlara da baş çəkdi. Onlarla söhbət edən birinci xanım balacaların əl işlərinə də baxdı.


X X X


Mehriban Əliyevanın baş çəkdiyi növbəti məktəbəqədər tərbiyə müəssisəsi Buzovna qəsəbəsindəki 246 nömrəli körpələr evi-uşaq bağçası oldu.


Bu tərbiyə müəssisəsi ilə yaxından tanış olan Mehriban Əliyevanın diqqətinə çatdırıldı ki, 1985-ci ildə inşa edilən və indiyədək əsaslı təmir işləri görülməyən bağça Azərbaycan və rus bölmələri daxil olmaqla 2-6 yaşlı uşaqlar üçün ixtisaslaşıb. Səkkiz min kvadratmetrdən çox sahəsi olan uşaq bağçası istifadə üçün yararsız vəziyyətdədir. İkimərtəbəli binada istilik sistemi yoxdur.


Mehriban Əliyeva bildirdi ki, Heydər Əliyev Fondu bu uşaq bağçasının da yenidən qurulmasını nəzərdə tutur.


Fondun prezidenti yenidənqurma işlərinin yüksək səviyyədə aparılması, uşaq bağçasının bütün əyani və texniki vasitələrlə təchiz olunmasına dair tövsiyələrini verdi.


FOTO

VİDEO