DSC_4480.gif
6 iyul 2013

Mehriban Əliyeva Kann şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində növbəti mərasimdə iştirak edib

İyulun 6-da Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində növbəti mərasim təşkil olunub.


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Kann şəhərinin meri Bernar Broşan mərasimdə iştirak ediblər.


Mərasimə gələn qonaqlar əvvəlcə Azərbaycana həsr edilən fotosərgi ilə tanış olublar. Sərgi Azərbaycan xalqının qədim adət-ənənələrini, onun dünəni və bu gününü təqdim edir. Məqsəd Azərbaycanın mədəni dəyərlərini və zənginliyini olduğu kimi Avropa tamaşaçısına çatdırmaqdır.


Mərasimdə çıxış edən Kann şəhərinin meri Bernar Broşan burada keçirilən Azərbaycan mədəniyyəti günlərinin əhəmiyyətindən danışıb, Heydər Əliyev Fondunun bu layihəsinin Fransa ilə Azərbaycan arasında əlaqələrin inkişafına xidmət etdiyini bildirib.


“Azərbaycan demokratik, dünyəvi dövlətdir”, - deyən Bernar Broşan ölkəmizin özünəməxsus mədəniyyətinin olduğunu və bugünkü tədbirin də bunu bir daha təsdiqlədiyini qeyd edib. Mer tədbirin təşkilinə verdiyi dəstəyə görə Mehriban Əliyevaya minnətdarlığını bildirib.


Mehriban Əliyeva mərasimdə çıxış edib.


Əməkdar Artist Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konsertindən sonra qonaqlara zəngin Azərbaycan mətbəxinin nümunələri təqdim olunub.


FOTO