11 noyabr 2009

“Azərbaycan muğamı” multimedia toplusunun və “Muğam aləmi” nəşrinin təqdimat mərasimi

Noyabrın 11-də Heydər Əliyev Fondunda “Azərbaycan muğamı” multimedia toplusunun və “Muğam aləmi” nəşrinin təqdimatı olub. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.


Mehriban Əliyeva mərasimdə çıxış edib.


Mehriban Əliyevanın çıxışı:


- Hörmətli qonaqlar, sizi səmimi qəlbdən salamlayır, Heydər Əliyev Fonduna “Xoş gəlmisiniz!” deyirəm.


Bu gün sizin diqqətinizə muğam sənətinə aid iki yeni layihə təqdim olunacaqdır. Əgər biz yaxın keçmişə nəzər salsaq görərik ki, son illər muğamın qorunması, təbliği, öyrənilməsi, ölkəmizdə və xaricdə populyarlaşması üçün bir çox mühüm işlər həyata keçirilir. “Qarabağ xanəndələri” musiqi albomunun işıq üzü görməsi, “Muğam ensklopediyası” və “Muğam” jurnalının nəşri, gənc muğam ifaçılarının televiziya müsabiqəsi, paytaxtımızda Beynəlxalq Muğam Mərkəzinin tikilməsi və nəhayət bu il həmin mərkəzdə keçirilən birinci beynəlxalq muğam festivalı görülən işlərin, bizim birgə səylərimizin nəticəsidir.


Ümidvaram ki, bu gün təqdim olunan layihələr də muğam sənətinin inkişafına öz layiqli töhfəsini verəcəkdir. İlk layihəmiz “Azərbaycan muğamı” multimedia toplusu 8 diskdən ibarətdir. Yəqin, demək olar ki, bu nadir bir layihədir. Onun nadirliyi ondan ibarətdir ki, bu, muğama dair müasir texnologiyalara əsaslanan ilk tədris vəsaitidir. Tədris prosesində muğama aid bütün zəruri məlumatlar bu disklərdə öz əksini tapmışdır. Demək olar ki, bu gün müəllimlər üçün, ustadlar üçün belə bir dərslikləri təqdim edirik.


Azərbaycan muğamının tarixi, ölkənin mədəni irsində onun rolu və yeri, Azərbaycanın əsas muğamları və onların not yazıları, Azərbaycanın simfonik muğamları, Azərbaycan xalq çalğı alətləri, görkəmli şəxsiyyətlər, muğam terminləri və muğama aid digər materiallar bu topluda, bu disklərdə öz əksini tapıb. Layihə iki dildə - Azərbaycan və ingilis dillərində hazırlanıb və şübhəsiz ki, bu da Azərbaycan muğamının xaricdə təbliğinə öz müsbət təsirini göstərəcəkdir.


Mən xüsusi qeyd etmək istərdim ki, heç bir dərslik, heç bir vəsait müəllimləri, ustadları, canlı ünsiyyəti əvəz edə bilməz. Xüsusən də muğam sənətində. Muğam sənəti, muğam bütün dövrlərdə ölkəmizdə yaşayıb, səslənib, duyulub və sevilib. Siyasi, ictimai və yaxud iqtisadi vəziyyətdən asılı olmayaraq, muğam sənəti öz xüsusi yerini qoruyub, saxlayıb və yaşayıb. Muğam mədəniyyətinin yaşamasında, nəsildən-nəslə, ustaddan tələbəyə, müəllimdən şagirdə, ağsaqqaldan gəncə çatdırılan sənətkarlıq, ifaçılıq sirləri əvəzsizdir. Bu sirləri öyrənmək üçün canlı təmas, canlı ünsiyyət lazımdır. Belə bir mürəkkəb prosesdə təbii ki, heç bir kitab, ya dərslik, ya videoyazı, audioyazı canlı təması əvəz edə bilməz. Məhz bu canlı ənənə əsrlər boyu bizim məşhur xanəndələrimiz və ustadlarımız tərəfindən qorunub saxlanıb və yaşadılıb. Bu ənənələr bu gün də yaşadılır və mən bizim bütün ustadlarımıza, xanəndələrimizə bir daha öz dərin hörmətimi və təşəkkürümü bildirmək istəyirəm.


Bu baxımdan təqdim olunan layihə muğama dair çox ətraflı məlumatı cəmləşdirən və müəllimlərə, ustadlara, həmçinin tələbələrə tədris prosesində yardım göstərə bilən bir layihədir. Eyni zamanda, təqdim olunan layihə bütün muğamsevərlər üçün muğam haqqında yeni və bənzəri olmayan bir informasiya mənbəyidir.


Təqdim olunan ikinci layihə - “Muğam aləmi” cari ilin mart ayında paytaxtımızda keçirilən I Beynəlxalq Muğam Festivalının və elmi simpoziumunun yekunlarını özündə əks etdirir. Bu layihə 33 diskdən ibarətdir. O günlər ölkəmizdə, paytaxtımızda keçirilən bütün görüşlər, tədbirlər, konsertlər, yerli və xarici ifaçıların konsertləri bu disklərdə öz əksini tapmışdır. Eyni zamanda, məşhur xanəndələr və müasir muğam ifaçıları, beynəlxalq muğam müsabiqələrinin qalibləri və iştirakçıları haqqında burada məlumat əks olunur və festivalda iştirak edən bütün qonaqların rəy və fikirləri ilə də burada, bu kitabda tanış olmaq mümkündür.


Demək olar ki, bu layihə bizə o günlər keçirdiyimiz, sözün əsl mənasında, musiqi bayramını yenidən bəxş edir. Bakıda keçirilən I Beynəlxalq Muğam Festivalı bir də sübut etdi ki, muğam - Azərbaycan muğam sənəti Azərbaycanın milli sərvəti olmaqla yanaşı, həmçinin dünya musiqi xəzinəsinin incisidir. Bir daha sübut etdi ki, muğam aləmi hüdudsuz, sərhədsiz bir məkandır və bu məkanı yaşayan, yaşadan insanların artıq daim bir görüş yeri vardır – bu da Bakı Beynəlxalq Muğam Mərkəzidir.


Mən çox yaxşı xatırlayıram, bir neçə il bundan əvvəl dövlətimizin başçısı tərəfindən Bakıda Beynəlxalq Muğam Mərkəzinin tikilməsi barədə qərar qəbul olunandan sonra biz bir neçə dəfə burada – Heydər Əliyev Fondunda ünlü ustadlarla, xanəndələrlə, alimlərlə görüşlər keçirdik. Müzakirə etdik ki, bu muğam mərkəzi necə olmalıdır, harada yerləşməlidir, memarlıq baxımından necə olmalıdır. Xatırlayıram, növbəti bir görüşümüzdə biz təklif olunan bir neçə memarlıq layihələrini müzakirə edirdik və hörmətli Əlibaba müəllim söylədi ki, bilirsiniz, gəlin artıq birini seçək, tikək ki, biz də bunu görək.


Bu gün mən çox qürur hissi ilə qeyd etmək istəyirəm ki, artıq bu reallıqdır, artıq biz bunu yaşayırıq. Bakının ən gözəl guşələrindən biri olan dənizkənarı bulvarda memarlıq baxımından gözəl, nadir, qeyri-standart bir mərkəz tikilib. Artıq, demək olar ki, bu, Azərbaycan mədəniyyətinin mərkəzinə, beynəlxalq musiqi mədəniyyətinin mərkəzinə çevrilib. Mən inanıram, şübhəm yoxdur ki, 2011-ci ildə biz birgə səylərimizlə həmin bu mərkəzdə II Beynəlxalq Muğam Festivalını keçirəcəyik və bu, yenə də gözəl bir musiqi bayramına çevriləcəkdir.


Sonda əziz dostlar, mən fürsətdən istifadə edərək bir daha bütün muğam ifaçılarına, xanəndələrə, ustadlara, muğamın inkişafına töhfə verən bütün insanlara öz dərin hörmət və ehtiramımı bildirirəm. Sizə bu yolda gələcək uğurlar, möhkəm cansağlığı və uzun ömür arzulayıram.