22 iyun 2012

Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında “Roma katakombalarının bərpasına dair ikitərəfli Saziş”in imzalanması mərasimi

İyunun 22-də Romada Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Vatikanın mədəniyyət naziri, Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri kardinal Can Franko Ravazinin iştirakı ilə Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında “Roma katakombalarının bərpasına dair ikitərəfli Saziş” imzalanıb. 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə çıxış edib.


Mehriban xanım Əliyevanın çıxışı:


- Hörmətli kardinal həzrətləri Ravazi.


Hörmətli xanımlar və cənablar!


İlk növbədə mən sizi səmimi qəlbdən salamlayıram və yenidən bu qədim məkanda olduğumdan məmnunluğumu bildirirəm.


Heydər Əliyev Fondunun fəaliyyəti və şəxsən mənim fəaliyyətim haqqında deyilən xoş sözlərə görə sizə dərin minnətdarlığımı bildirirəm.


Bu il dövlətlərimiz arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümü qeyd olunur. Ötən illər ərzində dövlətlərimiz arasında olduqca sıx və çoxşaxəli münasibətlər qurulub. Ümidvaram ki, bu səmərəli və faydalı əməkdaşlıq gələcəkdə də davam edəcəkdir.


Bugünkü mərasim məhz bu istiqamətdə atılan növbəti addımdır. Heydər Əliyev Fondu təkcə Vatikan və xristian aləmində deyil, bütün dünya mədəniyyətində böyük əhəmiyyət kəsb edən, ümumbəşəri mədəni irsə aid olan Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpasında iştirak edəcəkdir. Katakombalar haqqında bu gün burada verdiyiniz məlumata görə mən sizə təşəkkür edirəm və əlbəttə, bərpadan sonra böyük məmnuniyyətlə onların açılışında iştirak edəcəyəm. Heydər Əliyev Fondu mədəni və tarixi irsin qorunmasına böyük əhəmiyyət verir və biz belə layihələri həm Azərbaycanda, həm də digər dövlətlərdə həyata keçiririk. Mən çox şadam ki, ümumbəşəri sərvət olan bu mədəni abidələrin bərpasına Heydər Əliyev Fondu öz töhfəsini verəcəkdir.


Hörmətli dostlar, Azərbaycanda bütün dövrlərdə ictimai-siyasi quruluşdan asılı olmayaraq müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanlar sülh, əmin-amanlıq və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşayıblar. Bu gün də çox konfessiyalı və çox millətli Azərbaycan bu ənənələrə sadiqdir və bu, bizim ən böyük sərvətlərimizdən biridir. 2002-ci ildə ölkəmizə səfəri zamanı Roma Papası II İoann Pavel Azərbaycanı Şərq ilə Qərb arasında qapı və dözümlülük nümunəsi adlandırmışdır. Təsadüfi deyildir ki, son illər mədəniyyətlərarası, sivilizasiyalararası dialoq mövzusunda böyük beynəlxalq görüşlər, forumlar məhz bizim ölkəmizdə keçirilir. Paytaxtımızın ev sahibliyi etdiyi əhəmiyyətli tədbirlər - 2010-cu ildə dünya dini liderlərinin zirvə toplantısı, 2011-ci ildə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Birinci Bakı Beynəlxalq Humanitar Forumu bu sahədə atılan mühüm addımlar kimi qiymətləndirilir.


Bu ilin oktyabrında paytaxtımızda İkinci Bakı Beynəlxalq Humanitar Forumu keçiriləcəkdir. Fürsətdən istifadə edərək sizi bu tədbirdə iştirak etməyə dəvət edirəm. Belə görüşlər, belə tədbirlər dünya liderlərini, ictimai xadimləri, insanları, xalqları bir araya gətirərək dialoqun, dözümlülüyün, qarşılıqlı hörmətin vacibliyini beynəlxalq arenada ön sıraya çıxarır.


Əziz dostlar, sonda bir daha sizinlə bir arada olmağımdan məmnunluğumu bildirmək istəyirəm. Mən çox şadam ki, belə bir mühüm layihəyə bu gün start verilir. Dövlətlərimiz arasında mehriban münasibətlərin qurulmasında əməyi olan bütün dostlarımıza və şəxsən kardinal Ravaziyə dərin minnətdarlığımı bildirirəm. Mən sizi bir daha Azərbaycana dəvət edirəm, sizə cansağlığı və əmin-amanlıq arzulayıram. Təşəkkür edirəm.


Xəbərə keçid