28 sentyabr 2014

Afinada “Bakı-2015” Avropa Oyunlarının təqdimatı

Sentyabrın 28-də Afinada 2015-ci ildə Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının təqdimatı olub. 


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə çıxış edib:


- Hörmətli Yunanıstan Respublikası parlamentinin sədri.

 

Hörmətli nazirlər, deputatlar, Avropa Parlamentinin üzvləri, səfirlər.

 

Hörmətli Yunanıstan Respublikası Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos və mənim əziz dostum Marianna.

 

Hörmətli qonaqlar, cənablar, xanımlar və dostlar.

 

Bu möhtəşəm məkanda sizi salamlayıram və 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının təqdimatına həsr olunmuş şam yeməyində iştirak etdiyiniz üçün sizə təşəkkürümü bildirirəm. Yunanıstanda yenidən olmaq məndə böyük məmnunluq hissi oyadır və mükəmməl qonaqpərvərliyiniz üçün sizə təşəkkürümü bildirirəm. Dünən biz hamımız tarixi “İrodio” Teatrında gözəl konsertdən həzz aldıq və havanın yağışlı olacağı barədə proqnoza baxmayaraq hava şəraiti çox yaxşı idi. Əlverişli hava şəraitinin olması çox yaxşı işarə idi. Dəyərli töhfəsinə görə əziz dostum Marianna Vardinoyannisə dərin və səmimi təşəkkürümü bildirmək istəyirəm. Çox şadam ki, onun simasında həm UNESCO-da, həm də ikitərəfli əlaqələrimizdə uzun illərdir yaxın əməkdaşlıq etdiyimiz həqiqi dostumu tapmışam.

 

Hörmətli dostlar, icazə verin Yunanıstan və Azərbaycan arasındakı münasibətlərdən başlayım. Bu münasibətlər qarşılıqlı hörmət, maraq və dostluğa əsaslanan strateji tərəfdaşlıq münasibətləridir. Baxmayaraq ki, ölkələrimizi ümumi sərhədlər ayırmır, bizim millətlər həmişə bir-birinə qarşı xüsusi rəğbət və isti münasibət bəsləyiblər. Çox şadam ki, ötən bir neçə il ərzində ölkələrimiz arasında münasibətlərdə bir çox sahələrdə, o cümlədən, siyasi, mədəni, iqtisadi və elmi sahələrdə ciddi tərəqqi müşahidə olunub. Azərbaycan iqtisadiyyatının dinamik artımı ikitərəfli əlaqələrimizin bir çox sahələrdə, xüsusilə ticarət və investisiya sahələrində inkişafı üçün əlverişli şərait yaradır. Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlamasına və 1 milyondan artıq qaçqın və məcburi köçkünün olmasının fəsadlarına baxmayaraq ötən on ildə ölkəmizin ümumi daxili məhsulu üç dəfə artıb və bu gün bütün Cənubi Qafqaz regionunun ümumi daxili məhsulunun 70 faizdən artığı Azərbaycanın payına düşür. Energetika sektorunda əməkdaşlığımız yeni müstəviyə yüksəldilib. Bu yaxınlarda “Cənub” qaz dəhlizi layihəsinə start verməklə Azərbaycan Avropanın, o cümlədən Yunanıstanın enerji təhlükəsizliyinin gücləndirilməsinə öz töhfəsini verib. Bu strateji layihənin həyata keçirilməsi bizim ikitərəfli əlaqələrimizin gələcəkdə güclənməsinə xidmət edəcək və Yunanıstan öz ərazisindən Azərbaycan qazının Avropa bazarına çatdırılacağı ilk Avropa İttifaqı ölkəsi olacaqdır.

 

Əziz dostlar, bu gün humanitar sahədə əməkdaşlığımızı xüsusi qeyd etmək istəyirəm. Son bir neçə ildə universitetlər, məktəblər, kitabxanalar, muzeylər və elmi institutlar arasında əlaqələr daha da intensivləşib. Ümidvaram ki, Gəncə və Saloniki şəhərləri arasında qurulmuş birbaşa əlaqələr ölkələrimizin digər şəhərləri üçün örnək olacaq və xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaqdır.

 

Ölkələrimizin sıx əməkdaşlıq qurduğu digər bir vacib sahə idmandır. Bu gün gənclərimizi olimpiya fənləri üzrə yüksək keyfiyyətli təhsillə təmin edəcək Beynəlxalq Olimpiya Akademiyası ilə tərəfdaşlığımızı da qeyd etmək istəyirəm. Yalnız bu bir neçə nümunə göstərir ki, Azərbaycan və Yunanıstan arasında münasibətlərin güclü potensialı var və ümidvaram ki, bu potensial gələcəkdə tamamilə reallaşacaqdır.

 

Əziz dostlar, bildiyiniz kimi, Azərbaycanda ilk Avropa Oyunları keçiriləcəkdir. Baxmayaraq ki, Olimpiya hərəkatı Yunanıstanda, Afinada başlayıb və bərpa olunub, Avropada digər qitələrdən fərqli olaraq heç vaxt Avropaya məxsus oyunlar keçirilməyib. Biz fəxr edirik ki, Azərbaycana bu oyunları ölkəmizdə təşkil etmək üçün tarixi fürsət verilib. On yeddi gün davam edəcək oyunlarda 6 mindən çox idmançı 20 idman növündə rəqabət aparacaqdır. Avropa Olimpiya Komitəsinin bu qərarı Azərbaycan xalqı tərəfindən böyük sevinc və dəstəklə qarşılanıb. Bu tarixi qərara görə bu gün Yunanıstan Olimpiya Komitəsinin prezidenti və “Bakı 2015” Əlaqələndirmə Komissiyasının sədri cənab Spiros Kapralosun simasında təmsil olunmuş Avropa Olimpiya Komitəsinə təşəkkürümü bildirmək istəyirəm.

 

Bu gün Azərbaycan idman ölkəsi kimi də yaxşı tanınır. Müstəqilliyimizi bərpa etdikdən sonra idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. İdmançılarımız 1996-cı ildən etibarən Olimpiya Oyunlarında iştirak edib və qısa müddət ərzində əldə etdiyimiz nailiyyətlərlə fəxr edə bilərik. Son Yay Olimpiya Oyunlarında idmançılarımız 10 medal qazanıb və medalların sayına görə ümumi reytinqdə ilk 30 ölkə sırasına daxil olub. Ötən 10 ildə ölkəmizdə 40-dan çox müasir olimpiya idman kompleksi tikilib və bu da bir çoxunun idmanı peşəkar karyera kimi seçdiyi gənclərimizin qarşısında yeni üfüqlər və imkanlar açıb. Bu yaxınlarda Çində gənclər arasında keçirilən Olimpiya Oyunlarında idmançılarımız 12 medal, o cümlədən 5 qızıl medal qazanıb və ölkəmiz bütün iştirakçılar arasında 10-cu, Avropa ölkələri arasında isə 6-cı yeri tutub.

 

Bizim bir çox Avropa və dünya çempionatlarının keçirilməsində də zəngin təcrübəmiz var və bu yarışların hamısı iştirakçılar və rəsmilər tərəfindən yüksək qiymətləndirilib. Mən nümunə kimi 2014-cü ilin iyun ayında Bakıda uğurla keçirilən bədii gimnastika üzrə Avropa çempionatını qeyd etmək istəyirəm.

 

İdmançılarımızın bütün bu nailiyyətləri, müasir idman infrastrukturu, idmanın inkişafına göstərilən güclü dövlət dəstəyi, habelə ölkəmizin mükəmməl iqtisadi artımı Avropa Olimpiya Komitəsinin qərarına zəmin yaradan əsas amillər idi. Bu qərara təkcə sevinclə yox, həm də məsuliyyətlə yanaşırıq. İlk Oyunlar gələcəkdə keçiriləcək oyunlar üçün standartları müəyyən edəcək. Azərbaycan ilk Avropa Oyunlarını Yay Olimpiya Oyunları səviyyəsində keçirməyi qarşısına məqsəd qoyub. “Bakı-2015” ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri kimi sizi əmin edə bilərəm ki, oyunların mümkün olan ən yüksək səviyyədə keçirilməsi və idmançılara, rəsmilərə, habelə qonaqlara və yerli vətəndaşlara zəruri şəraitin yaradılması üçün əlimizdən gələni edəcəyik. Bu oyunların keçirilməsi üçün bizə iki il yarım vaxt verilməsinə baxmayaraq, bu gün əminik ki, bütün hazırlıq işləri vaxtında tamamlanacaq. Biz Avropa Olimpiya Komitəsi və Beynəlxalq Olimpiya Federasiyası ilə məhsuldar və güclü əməkdaşlığımızdan məmnunuq. Mən həqiqətən də inanıram ki, Bakıda keçiriləcək oyunlarda Olimpiya Oyunlarının ədalətlilik, dostluq və həmrəylik dəyərlərinə riayət olunacaqdır.

 

Yekunda, əziz dostlar, sizin hamınızı bu tarixi oyunlarda iştirak etməyə, zəngin mədəniyyətə və tarixə malik qədim ölkə olan, Qərb ilə Şərqin qovuşuğunda yerləşən, müxtəliflik, tolerantlıq və mehribanlığına görə çox yaxşı tanınan Azərbaycanı kəşf etməyə dəvət edirəm. Yunanıstan və onun dostsevər xalqına xoşbəxtlik, müvəffəqiyyət və rifah arzu etmək istəyirəm. Səmimi qonaqpərvərliyinizə görə bir daha təşəkkür edirəm və sizə yaxşı vaxt keçirməyi arzu edirəm.

 

Diqqətinizə görə çox sağ olun.